Cəmiyyət (9-03-2016, 11:50)
Nardaranda son vəziyyət - Qəsəbə tamam dəyişir
Bu günə qədər Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində sökülən obyektlərə görə 2 milyon manatadək kompensasiya ödənilib .
Mediatv.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, hazırda qəsəbənin Abşeron küçəsində yenidənqurma işləri həyata keçirilir və həmin ərazidə təmir işləri yekunlaşmaq üzrədir.
“Küçənin eni 8-9 metrdən 18 metrə çatdırılıb. Hər iki istiqamət üzrə yaşayış, qeyri-yaşayış və torpaq sahələrində söküntü işləri aparılıb. Ona uyğun olaraq da həmin yerin sahiblərinə kompensasiya ödənilib”.
A.Nəcəfli qeyd edib ki, Abşeron küçəsində işlər yekunlaşdıqdan sonra Nəsrulla Əsgərov küçəsinin genişləndirilməsi işləri aparılacaq: “Həmin küçədə yolun mövcud eni 6-7 metrdir və yolun eni genişləndirilərək 16 metrə çatdırılacaq. Orada da söküntü işləri aparılacaq və müvafiq olaraq həmin ərazidə yeri olan şəxlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada konpensasiyalar ödəniləcək”.