Cəmiyyət (8-03-2016, 18:14)
Londondakı 380 milyon avroluq malikanənin sahibi və digər oliqarxlar…
Londonda Rusiya və digər keçmiş sovet respublikalarından olan oliqarxlara məxsus malikanələrə təşkil edilmiş “ekskursiya” Britaniya hökumətinin çirkli pulların yuyulmasına necə şərait yaratdığını üzə çıxarıb.
Mediatv.az xəbər verir ki, Fransanın “Le Figaro” qəzetinin yazdığına görə korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə aparan fəalların təşkil etdiyi “ekskursiya” zamanı Londonun ən diqqətli qorunan sirlərindən birinin-Uitanherst malikanəsinin kimə məxsus olduğuna da bir daha diqqəti cəlb etmək mümkün olub.
Bu ərazidə daşınmaz əmlak 2010-cu ildə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətin adına 50 milyon funt sterlinqə alınıb. Daha sonra orada irimiqyaslı tikinti və yenidən qurma işləri aparılıb.
Hazırda Uitanherst malikanəsinin bazar qiyməti 380 milyon avrodur. Malikanənin kimə məxsus olduğu möhkəm sirr kimi saxlanılırdı.
Bəzi şaiyələrə görə onun sahibi Rusiya prezidenti Vladimir Putin ola bilərdi. Lakin ötən çirkli pulların yuyulması problemi üzrə ixtisaslaşan jurnalistlərin araşdırmaları göstərib ki, malikanənin sahibi rusiyalı oliqarx, kimya sənayesi holdinqi “FosAqro”nun əsas səhmdarı Andrey Quryevdir.
Qəzet yazır ki, Londonda offşor şirkətlər üzərindən 122 milyard funt sterlinq dəyərində daşınmaz əmlak alınıb. Belə obyektlərin sayı 36 mindir. Şahzadə Uilyamın rezidensiyasının qarşısı “milyonelər xiyabanına” çevrilib.
Həmin ərazidə 15 və 16 nömrəli evlərin sahibi Böyük Britaniyanın ən zəngin adamlarından olan rusiyalı Leonid Blavatnikə və məşhur oliqarx Roman Abramoviçə məxsusdur. Habelə Abramoviç Çester-skverdə daha iki ev alıb, hazırda orada onun arvadı yaşayır.
Rusiyalı oliqarxlar Belqraviya kvartalında da özlərini evlərindəki kimi hiss edirlər: müəmmalı şəkildə ölən Boris Berezovskinin evi də həmin kvartalda idi. Onun qonşusu isə Oleq Deripaska olub. Ukraynalı oliqarx Rinat Axmetov Naytsbric kvartalında 134 milyon funt dəyərindəki mülkün sahibidir. Bir çox digər mülklərin sahiblərinin kimliyi isə hələ də qaranlıqdır.
Sənədlərdə bu mülklərin sahibləri kimi offşor şirkətlər göstərilir, onların alınması üçün dolaşıq sxemlərdən istifadə olunub. Nəticədə mülklərin əsl sahiblərini üzə çıxarmaq elə də asan məsələ deyil.