Cəmiyyət (3-03-2016, 12:50)
170 minlik rüşvət qalmaqalında yeni detal - İkinci vəkil cəlb edildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadıldığını iddia edən Eynur Kərimovla vəkil Adəm Məmmədov arasında imzalanmış müqavilə ləğv edilməyib.
Mediatv.az xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, məhkəmə prosesində o, ikici vəkil kimi iştirak edəcək: “Adəm Məmmədov prosesdədir. Sadəcə əlavə olaraq mənimlə də müqavilə bağlayıblar. Mən də bu işdə varam, əlimdən gələni edəcəyəm”.
K.Nəsibov qeyd edib ki, onun bu prosesə dəvət edilməsində məqsəd dələduzluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına köməklik etməkdir.
Qeyd edək ki, Report.az saytı AQUPDK tərəfindən aldadıldığını iddia edən Eynur Kərimovun vəkili Adəm Məmmədovla müqaviləsini ləğv etməsiylə bağlı məlumat yayıb.
Xatırladaq ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.