Cəmiyyət (25-02-2016, 16:34)
Ayaz Mütəllibov Xocalıdan danışdı: “Onların da məsuliyyətləri var”
Sabah Xocalı qətliamının 24-cü ildönümüdür. Xocalı soyqırımı törədilən zaman Azərbaycana Ayaz Mütəllibov rəhbərlik edirdi.
Mediatv.az xəbər verir ki, Modern.az saytı eks-prezident Ayaz Mütəllibovdan faciə ilə bağlı açıqlama alıb.
Keçmiş dövlət başçısı deyib ki, Xocalıda soyqırımının törədildiyini eşidəndə çox böyük sarsıntı keçirib.
“Mən o zaman özümü ələ ala bilmirdim. Dəhşətə gəlmişdim. Bunu sözlə ifadə etmək çətindir”,-deyə o bildirib.
Ayaz Mütəllibov “Xocalıda baş verənlərə görə məsuliyyəti öz üzərinizə götürürsünüzmü?” sualına belə cavab verib.
“Bir dövlət başçısının, prezidentin öz borcu, vəzifəsi var. Onunla bir komandada olan adamların da müvafiq olaraq məsuliyyəti var.
Əlbəttə ki, mən Xocalıya görə mənəvi məsuliyyət daşıyıram. Qırğının olduğunu eşidəndə vicdan əzabı çəkdim. Amma bu faciə üzərindən siyasi oyun açmağı qəbul edə bilmirdim”.
Sabiq prezident indinin özündə də Xocalıda çəkilən kadrlara baxanda kövrəldiyini deyib:
“Mən indi də Xocalıda çəkilən o kadrlara baxanda göz yaşı axıdıram. Hətta Xocalıdan söhbət düşəndə çox böyük həyəcan, stress keçirirəm”.