Cəmiyyət (24-02-2016, 17:34)
Əkrəm Həsənov deputatın şikayətinə münasibət bildirdi: "Belə bir hadisənin olması mümkün deyil"
Milli Məclisin ötən gün keçirilən plenar iclasında banka kredit borcu olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməməsi ilə bağlı fikir səsləndirilib.
Mediatv.az xəbər verir ki, Millət vəkili Sədaqət Vəliyeva bildirib ki, banklara borcu olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməməsi barədə məhkəmələr tərəfindən qərar çıxarılır.
“Bu gün banka kredit borcu olan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməməsi halları mövcuddur. Məhkəmələr qərar çıxarır ki, banklara borcu olanlara şəxsiyyət vəsiqələri verilməsin. Bu nə deməkdir? Axı şəxsiyyət vəsiqəsi olmayan insan necə iş tapa bilər və banka olan borcunu ödəyə bilər? Hesab edirəm ki, belə hallara son qoyulmalıdır”.
Bank üzrə ekspert Əkrəm Həsənov deputatın şikayətinə münasibət bildirib. AzVision.az-a açıqlama verən ekspert bildirib ki, ədalətsiz hakimlər tərəfindən kredit borcuna görə, vətəndaşın şəxsiyyət vəsiqəsindən məhrum edilməsi haqda qərar çıxarıla bilər, amma təcrübədə bu görünməmiş haldır.
“Belə bir hadisənin olması mümkün deyil. Ümumiyyətlə, vətəndaşın sənədini heç kim ala bilməz. Vətəndaş evini girov qoyanda, bank onun kupçasını əlindən alır. Hətta bunun özü də qanunsuzdur. Girovun mülkiyyətçisi kimdirsə, şəxsiyyət vəsiqəsi və evin sənədi də həmin şəxsdə olmalıdır. Bəlkə də, şəxsiyyət vəsiqəsinin verilməməsi olub, amma bizə indiyədək bu barədə müraciət, şikayət daxil olmayıb”.
Qeyd edək ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollar təşkil edir. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib.