İqtisadiyyat (4-11-2015, 13:25)
Manat kreditlərində böyük problem
Xəbər verdiyimiz ki, 30 Sentyabr 2015-ci il tarixinə Azərbaycanda kredit qoyuluşları 19 milyard 113.5 milyon manat təşkil edib. Bu Avqust ayının sonu ilə müqayisədə 4,9%-ə yaxın azdır. Qeyd edək ki, kredit qoyuluşları devalvasiyadan sonra, Fevral ayının 28-də 20 milyard 697,2 milyon manatadək qalxmışdı. Həmin vaxtdan 30 Sentyabr tarixinədək, kredit qoyuluşları 1 milyard 583,7 milyon manat və ya 7,6% azalıb.
Mediatv.az-ın məlumatına görə, Mərkəzi Bank qeyd edir ki, kredit qoyuluşlarında azalma “Azərbaycan Beynəlxalq Bankı ASC-də aparılan restrukturizasiya tədbirləri” ilə əlaqədardır.
19 milyard 113.5 milyon manat kreditin 1 milyard 353,8 milyon manatının və ya 7,1%-ni ödəmə vaxtı keçmiş (problemli) kreditlər təşkil edib.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, milli valyutada kreditlər 10 milyard 682,7 milyon manat, xarici valyutada kreditlər isə 8 milyard 430,8 milyon manat təşkil edib.
MANATDA VERİLƏN KREDİTLƏR KƏSKİN AZALIB
Sentyabr ayında manatda verilən kreditlər 746,2 milyon manat və ya 6,5% azalaraq Avqustun sonundakı 11 milyard 428,9 milyon manatdan 10 milyard 682,7 milyon manata düşüb.
Ötən ilin sonu ilə müqayisədə isə manatda kreditlər 2 milyard 823 milyon manat və ya 21% azalıb. 31 Dekabrda manatda kredit qoyuluşu 13 milyard 505,7 milyon manat idi.
Sentyabr ayının 30-na olan məlumata görə, manatda verilmiş 10 milyard 682,7 milyon manat kreditin 911 milyon manatının 8,5%-nin ödəmə vaxtı keçib.
QISAMÜDDƏTLİ KREDİTLƏRİN 16%-Ə YAXINI VAXTINDA ÖDƏNMİR
Milli valyutada kreditlərin 1 milyard 922,1 milyon manatını qısamüddətli, 8 milyard 760,7 milyon manatını uzunmüddətli kreditlər təşkil edib. Qısamüddətli kreditlərin 303,7 milyon manatının və ya 15,8%-nin, uzunmüddətli kreditlərin isə 607,3 milyon manatının və ya 6,9%-nin ödəmə vaxtı keçib.
Sentyabr ayında xarici valyutada olan kreditlər 2,7% azalaraq Avqustun sonundakı 8 milyard 667 milyon manatdan 8 milyard 430,8 milyon manata (30 sentyabr) geriləyib.
XARİCİ VALYUTADA OLAN KREDİTLƏRDƏ PROBLEMLİ KREDİTLƏR AZDIR
Xarici valyutada olan 8 milyard 667 milyon manat kreditin 442,8 milyon manatının və ya 5,2%-nin ödəmə vaxtı keçib.
Xarici valyutada olan kredit qoyuluşlarının 2 milyard 336,3 milyon manatını qısamüddətli, 6 milyard 94,5 milyon manatını uzunmüddətli kreditlər təşkil edib. Qısamüddətli kreditlərin 176,8 milyon manatının və ya 7,6%-nin, uzunmüddətli kreditlərin isə 4,4%-nin ödəmə vaxtı keçib.