Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-02-2016, 11:51)
DÖVLƏT QƏZETİ DAHA BİR MƏMURU “VURDU”

cebed8890439

“Azəriqaz” İstehsalat Birliyinin leksikonunda “humanizm”, “xeyirxahlıq”, “mərhəmət” kimi söz və anlayışlar yoxdur

Mediatv.az xəbər verir ki, Rəsmi “Azərbaycan” qəzeti SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevi sərt tənqid edib. Virtualaz.org-un məlumatına görə, qəzetin bugünkü sayında bildirilir ki, bir neçə gün əvəl “Azərbaycan”da “Şagirdlər soyuqda qalıb. Qaz xətti isə məktəbdən iki metrlik məsafədədir” sərlövhəli məqalə dərc olunub. Həmin yazıda Bərdə rayonunun cəbhəyanı Şahvəlilər və Kətəlparaq kənd orta məktəblərinin qazsız qalmasından bəhs edilib.“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev yazılanlara operativ münasibət bildirib, redaksiyaya cavab göndərib.

Qəzet yazır ki, bu cavabda iş yox, söz vardı: “Odur ki, qəzetimiz ikinci dəfə, cavab məktubuna əlavə formatında problemə toxunmalı olmuşdu. Bu redaksiya şərhində “Azəriqaz” İB-yə qışın sona çatmaqda olduğu xatırladılmış, məsələyə bürokratik prizmadan deyil, humanist dəyərlər üzərindən yanaşılması, təcili tədbir görülməsi istənilmişdi”.

Qəzet daha sonra yazır: “Azəriqaz” real iş görmək əvəzinə növbəti dəfə də redaksiyaya bürokratik söz “çələngi” göndərməyə üstünlük verib. Amma bu dəfə həm də ittihamedici motivlərlə. Baş direktor Əkbər Hacıyevin imzaladığı son məktubu qısa ixtisarla diqqətinizə çatdırırıq: “Azərbaycan” qəzetində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlərlə bağlı silsilə şəkildə yazılan yazılara görə birliyin çoxminli kollektivi adından sizə minnətdarlığımızı bildiririk. Lakin son zamanlar qəzetdə tənqidi məqalələrin dərc edilməsi bizdə dərin təəssüf hissi doğurmaqla yanaşı, tərəfimizdən görülən işlərin gözardı edilməsinə və birliyin nüfuzdan salınmasına xidmət edir. Məqalələrinizdə qeyd etdiyiniz məsələ ilə bağlı sizə cavab məktubu göndərilmişdir. Ancaq qəzet redaksiyası “inadkarcasına” həmin məqalələrin dərcini davam etməkdədir.

Bərdə rayonunun Şahvəllər kənd məktəbinin qazlaşdırılması üçün Təhsil Nazirliyi tərəfindən İB-yə sifariş verilərək maliyyə vəsaiti ayrılmış və ayrılan vəsaitə uyğun olaraq hazırda həmin məktəbin qazlaşdırılması istiqamətində işlərin aparılmasına başlanılmışdır. Tədris müəssisələrinin qazlaşdırılması yalnız Təhsil Nazirliyinin sifarişi və ayıracağı maliyyə vəsaiti əsasında aparılır. Kətəlparaq kənd məktəbinin qazlaşdırılması üçün isə Təhsil Nazirliyi tərəfindən “Azəriqaz” İB-nə sifariş verilməmişdir”.

Zərfi açmazdan öncə nəhayət, adı çəkilən kənd məktəblərinə mavi yanacaq verildiyi xəbəri alacağımızı düşündük. Amma zənnimizdə yanıldıq. Deməli, qoşunların təmas xəttinə yaxın ərazidə, cəbhə bölgəsində düşməndən qorxmadan-çəkinmədən yaşayan kəndlərdə uşaqlar bu qış da soyuqda qalacaqlar! Bu qış da qaz olmayacaq!

Hörmətli Əkbər müəllim!

Sizdən dönə-dönə umduğumuz və gözlədiyimiz sadəcə bu məktəblərə nəhayət qaz verilməsidir. Məqsədimiz cəbhə bölgəsində təhsil alan doğma azərbaycanlı balalarına dayaq durmaq, sizi də buna cəlb etməkdir. Üçüncü dəfə də xahiş edirik: humanistlik göstərib bu məktəblərə maddi-mənəvi dəstək verin. Axı, birlik buna qadirdir – ən azı maddi imkanları heç də məhdud olmayan varlı təşkilatdır. SOCAR-ın əcnəbi ölkələrdə, məsələn, Gürcüstanda ellərə örnək humanist siyasəti – dini məbədlərə, o cümlədən erməni kilsələrinə pulsuz-parasız qaz verməsi dövlətimizin böyüklüyünün və qüdrətinin nümunəsi olmaqla yanaşı, xalqımızın tolerantlığının, şübhəsiz ki, həm də xeyirsevərliyinin təzahürüdür. Ötən müraciətimizdə də tabe olduğunuz şirkətin bu humanist siyasətindən ibrət götürmənizi, bu məsələyə yanaşmada “bürokratik inadkarlığı” məktəbli balalara “humanist sevgi” ilə əvəzləməyi xahiş etmişdik.

Cavablarınızdan isə anlaşılan odur ki, “Azəriqaz” İstehsalat Birliyinin leksikonunda “humanizm”, “xeyirxahlıq”, “mərhəmət” kimi söz və anlayışlar yoxdur. Nəzərinizə çatdırırıq ki, “birliyi nüfuzdan salan” bizim yazılarımız – problemin üzərinə getməyimiz, həllinə çalışmağımız deyil, birliyin humanizmə əsaslanan prinsip və dəyərlərdən imtina etməsidir, illər öncə istilik sistemi qurulmuş, ana qaz xətlərindən bir neçə metr məsafədə yerləşən məktəblərdə qışın oğlan çağında məktəbliləri soyuqda saxlamasıdır.

Biz bu məktəblərin problemindən israrla yazmışıq, nəticə hasil olanadək yazacağıq! Bizim işimiz həm də problemlərdən yazmaq, onların həllinə qələmimizlə təkan verməkdir! Sizin vəzifəniz isə xalqa xidmətdir – abonentləri təbii qazla təmin edib vətəndaşların məmnuniyyətini qazanmaqdır.

Son cavabda o da iddia olunur ki, “Kətəlparaq kənd məktəbinin qazlaşdırılması üçün” ümumiyyətlə sifariş verilməyib. Yəni, birliyin “kitab-dəftərində” bu məktəbə qaz verilməsi “əzəldən” yer almayıb. Halbuki, Bərdə Təhsil Şöbəsindən bildirdilər ki, “Azəriqaz”a problemlə bağlı müraciət ediblər.

Yeri gəlmişkən, üç ay qabaq yenə də cəbhə bölgəsində – Ağdamın Çəmənli kəndindəki uşaq bağçasının da qaz “həsrəti” ilə bağlı qəzetimizin çıxışına və bununla əlaqəli xahişinə cavabında “Azəriqaz” problemin həll olunacağına söz vermişdi. Bu yazı hazırlanarkən kəndlə bir daha əlaqə saxladıq və yenə də məyus olduq: Çəmənli kənd uşaq bağçası da hələ qazla təmin edilməyib! Buna nə sözünüz? İndi siz özünüz cavab verin: birliyi nüfuzdan salan nədir – bizim xoş niyyətimiz, yoxsa sizin laqeydliyiniz, fəaliyyətsizliyiniz, qəzetə həqiqətə uyğun gəlməyən informasiya verməyiniz?!

“Azərbaycan” qəzeti SOCAR-ın və onun törəmə şirkətlərinin fəaliyyətini mütəmadi olaraq geniş işıqlandırmaqdadır. “Azəriqaz” da istisna deyil. Hər yenilik, hər görülən iş haqqında məlumat qəzetimizin səhifələrində yer alır. Tək bir kəndə belə qaz veriləndə bu xəbəri sevinc və fərəhlə oxucularımızla bölüşürük. Şükür ki, bunları inkar etmir, minnətdarlığınızı bildirirsiniz. Buna rəğmən, tənqidə görə bizi qınayır, “dərin təəssüf hissi” keçirirsiniz. Niyə – düzü-düz, əyrini-əyri yazdığımıza, cəbhə bölgəsindəki kənd məktəblərinə, uşaq bağçasına təcili qaz verilməsini xahiş etdiyimizə görəmi?!

Məgər bu dövlət başçısının, möhtərəm Prezident İlham Əliyevin siyasəti, istəyi deyil? Ümumiyyətlə, nəzərinizə çatdırırıq ki, öyündüyünüz işlər, reallaşdırılan layihələr, əldə olunan nailiyyətlər məhz cənab Prezidentin iradəsi, qətiyyəti və dövlətin maliyyə dəstəyi hesabına ərsəyə gəlib. Regionların təbii qazla təchizatı da dövlət rəhbərinin məqsədyönlü sosial-iqtisadi siyasəti sayəsində reallaşıb. Onun xidmətləridir ki, ölkədə qısa müddətdə 3000-dən artıq müasir məktəb binası, kompleksi tikilib, əksəri də qazlaşdırılıb. Bəs, “Azəriqaz” İstehsalat Birliyi nə edib? – Bəli, dövlət sifarişini yerinə yetirib. Vəsaiti, xərcləri də dövlət ödəyib. Birlik iş görüb pul qazanıb, beləcə, həm də imkanlarını genişləndirib. Xidmət təşkilatına bundan artıq nə lazımdır ki? Məgər, birlik dövlətdən növbəti sifarişi gözləmədən, maddi maraqlarını “texniki şərt” kimi məktəb qarşısında qoymadan bir əlini ürəyinin üstünə, digərini “çib”inə aparıb 3-5 məktəbi, uşaq bağçasını isti qanadı altına ala, onların mavi yanacaq təminatını və xərclərini öhdəsinə götürə bilməzdimi?

Nə özümüz ümidsiz qalmaq, nə də cəbhəyanı kənd məktəblərinin müəllim-şagird heyətlərinin inamsızlığa qapanmasını istəyirik. Odur ki, yenə də ümidimizi üzmürük: “Azəriqaz” daşı ətəyindən töküb bürokratiyaya “yox”, humanizmə, xeyirxahlığa “hə” deyəcək! Biz də öz növbəmizdə bu xoş xəbəri “Azərbaycan”ın çoxminlik oxucularına çatdırıb humanizmin yeni ünvanı olaraq “Azəriqaz”ı nümunə göstərəcəyik…”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024