Cəmiyyət (10-02-2016, 10:54)
"Ölkəyə 20 milyard sərmayə qoyulub" - Nazir müavini
“Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bunun da yarısı xarici sərmayədir”.
Mediatv.az xəbər verir ki, bunu “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” V vergi forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, dünya enerji bazarında qeyri-sabitliyin hökm sürməsi, bir ildə neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi Azərbaycana, o cümlədən Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən mənfi təsir göstərsə də, 2015-ci il ərzində proqnoza 100,1 faiz əməl olunub, büdcəyə 7 milyard 118.2 mln. manat vəsaitin daxilolması təmin edilib:
“Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, 2015-ci ildə ölkəmizdə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artıb”.
Eyni zamanda ümumi vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 70%-dən çoxdur: “Azərbaycanın regionlarında həyata keçirilmiş uğurlu iqtisadi islahatlar, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622,1 milyon manat vəsait səfərbər edilib”.
Nazir müavini deyib ki, prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası yaradılıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da Apelyasiya Şuralarının yaradılmasına başlanıb. Onun sözlərinə görə, Vergilər Nazirliyində vergi ödəyicilərinin mübahisələndirdiyi məsələlərin məhkəməyə müraciət olunmadan vergi orqanları səviyyəsində həll edilməsi və şikayətlərə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmış Vergi Apelyasiya Şurasının Əsasnaməsi Mərkəzi İcra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında nümunəvi Əsasnaməyə uyğunlaşdırıb.
“Ölkəmizin inkişafı üçün müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, əhalidə yüksək vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə son iki ayda nazirlikdə bir sıra struktur və kadr dəyişiklikləri aparılıb. Ərazi vergi orqanlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək, regionlar üzrə vergi daxilolmalarının artırılmasını təmin etmək üçün nazirlikdə yeni baş idarə yaradılıb”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, Vergilər Nazirliyi artıq iki ildir ki, vergi ödəyiciləri üzrə sahəvi e-audit texnologiyaları əsasında vergi yoxlamaları keçirir və bu yoxlamalar nəticəsində büdcəyə 100 mln. manata yaxın əlavə vergi və maliyyə sanksiyaları hesablanıb, hesablanmış məbləğlər tam həcmdə büdcəyə ödənilib. Nazir müavini bildirib ki, gələcəkdə, e-auditin əhatəsinin daha da genişləndirilməsi nəzərdə tutulur:
“Cari ildə biz sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, vergi mexanizmlərinin daha da sadələşdirilməsi, yüksək rəqabət qabiliyyətli, yeni texnologiyalara əsaslanan innovasiya yönümlü bilik iqtisadiyyatının yaradılması sahəsində vergi orqanlarının üzərinə düşən bütün vəzifələrin uğurla reallaşdırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Nağdsız ödənişlərin tətbiqinin genişləndirilməsi, İT-təməlli və bilik menecmentinə əsaslanan müasir vergi inzibatçılığının inkişaf etdirilməsi, onun şəffaflığının və yüksək səmərəliliyinin təmin olunması vergi orqanlarının qarşısında duran ən mühüm vəzifələrdəndir. Ölkədə yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, cari ildə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb və Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı çox ciddi işlər həyata keçirilir.
Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, vətəndaşlarımızı dünyadakı böhranların neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və təbiidir ki, bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərinə də mühüm vəzifələr düşür. Sahibkarlar da öz növbəsində vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməli, uçotlarını düzgün aparmalı, vergidən yayınma hallarına yol verməməlidirlər. Ölkə başçısı həm dövlət orqanları, həm də sahibkarlar qarşısında çox konkret vəzifələr qoyub. Bizim borcumuz isə bu vəzifələrin yerinə yetirilməsini təmin etməkdir”, - deyə S.Ələkbərov vurğulayıb.