Cəmiyyət (1-02-2016, 12:17)
Müdafiə Nazirliyi 50 ədəd “NAZ-Lifan” avtomobili alacaq
Azərbaycan Müdafiə Nazirliyi “NAZ-Lifan” avtomobilləri almağı planlaşdırır.
Mediatv.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir: “Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən “MAZ”, “KamAZ” markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb. Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan” markalı minik avtomobillərindən də istifadə edilir. Bu maşınlar da öz praktikliyini sübut edib”.
Məlumatda həmçinin qeyd olunur ki, yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan” maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.