Cəmiyyət (5-01-2016, 13:12)
Yeni ildə ilk işdən çıxarılan icra başçıları kimlər olacaq?
Siyahıda Vilyam Hacıyevin, Rafil Hüseynovun, Qəzənfər Ağayevin və Ceyhun Cəfərovun adlarının olduğu deyilir
Mediatv.az xəbər verir ki, hələ ötən ilin sonlarından etibarın hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək.
JAM.AZ-a etibarlı mənbələrdən daxil olan məlumatlarda vurğulanır ki, yeni ilin ilk işdən çıxarılacaq icra başçılarının sayı heç də çox olmayacaq. Onların sayının 4-5-dən artıq olacağı da gözlənilmir. Bəzilərinin isə yerləri dəyişdiriləcək.
Bu sırada ilk yeri tutanlardan biri İmişlinin icra başçısı Vilyam Hacıyevdir. JAM.AZ-a verilən məlumata görə, Hacıyevin işdən çıxarılmasının əsas səbəbi sahibkarlara külli miqdarda borclu olması, habelə rayonda narazılığı pik həddinə çatdırmasıdır.
İkinci sırada Masallının icra başçısı Rafil Hüseynov dayanır ki, onun fəaliyyətindən bilavasitə prezidentin narazı qaldığı deyilir. Məlumatlarda vurğulanır ki, icra başçısının indiyə qədər rayonda heç bir iş görməməsi, habelə haqqında çoxlu sayda şikayətin olması işdən çıxarılması üçün zəmin yaradıb.
Üçüncü icra başçısı isə Astaranın rəhbəri Qəzənfər Ağayevdir. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Ağayevin ən böyük səhvi fəaliyyətsizliyi və bir sıra dövlət tədbirlərini yaddan çıxarmasıdır. Onun bu ilin 12 dekabrında, daha dəqiq ifadə etsək Heydər Əliyevin anım günündə işdən çıxaraq, Bakıya gəlməsi və yolda yeyib-içmək məclisi qurması yuxarıların qulağına çatıb. Nəticədə, onunla bağlı qəti qərarın verildiyi deyilir.
İşdən çıxarılacaq icra başçılarından daha biri isə Kürdəmirin rəhbəri Ceyhun Cəfərov olacağı gözlənilir. Onun hətə ötən ilin sonlarında vəzifəsini itirəcəyi gözlənilsə də, rəsmi dairələr yeni ili gözləməyi məsləhət biliblər. Cəfərovun işdən çıxarıla biləcəyinin səbəbi kimi isə həbs olunmuş qaynı Vidadi Zeynalovun «MTN işi»ndə günahkar bilinməsidir.
Bu əsnada, Zərdabın icra başçısı Lütfəli Babayevin də işdən çıxarılacağına dair xəbərlər var. Laki nonu Astaraya rəhbər göndərmək niyyətində olduqları deyilir.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.