Cəmiyyət (29-12-2015, 10:55)
ADAU-da payız imtahan sessiyası ictimaiyyətə açıq elan edildi - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən Elmi şuranın iclasında bildirilib ki, 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə əlaqədar hələ 13 noyabr 2015-ci il tarixdə 768 nömrəli əmr imzalanıb.
Mediatv.az xəbər verir ki, əmrə əsasən 2015/2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyası 2015-ci ilin dekabrın 29-dan 2016-cı il fevralın 1-dək müddətdə, bakalvriat səviyyəsində imtahanların test üsulu ilə kompyuterlərlə, magistratura səviyyəsində 5 suallı biletlərlə yazılı formada keçiriləcək. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edib, mövcud durum barədə fikirlərini səsləndirib, imtahanların şəffaf və ədalətli keçirilməsi üçün tapşırıq və tövsiyyələrini verib.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, bütövlükdə imtahan sessiyasında bakalavriat səviyyəsinin əyani təhsil forması üzrə 3527 tələbə, magistratura səviyyəsində 292 magistrant imtahan verəcək. Kompyuterlərlə imtahanların qəbulu üçün iki auditoriya 156 kompyuterlə qoyulub. Universitet tərəfindən yaradılan “Virtual elektron tədris” proqramı imtahanların obyektiv, şəffaf formada qəbul edilməsinə, operativ olaraq nəticə barədə məlumatın alınmasına daha geniş imkan açıb. Gün ərzində 1000-ə yaxın tələbə imtahan verəcək, nəticələri imtahan prosesi başa çatan kimi biləcəklər.
Rektoruluğun əmrinə əsasən, imtahanların keçirilməsi məqsədilə 12 nəfərdən ibarət işçi qrupu təşkil olunub, imtahan rəhbəri təyin edilib, fənlər üzrə test sualları 2015-ci ilin dekabr ayının 14-dək tələbələrə çatıdırılıb. Imtahan cədvəlləri və qrafikləri təsdiq edilib, tədris-nəzarət komissiyasına tapşırılqlar verilib. Valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin arzu etdikləri halda imtahanlarda iştirakı da təmin ediləcək. Bundan başqa, imtahanlarda verilən qiymətə etiraz edən tələbələrin müraciətlərin baxılması üçün magistratura və bakalvriat səviyyəsində apellyasiya komissiyaları yaradılıb. İmtahanlarda üzrlü səbəbdən iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2016-cı ilin fevralın 2-dən 13-dək bir dəfə şəraitin yaradılması nəzərdə tutulub.
Xüsusi qabiliyyət tələb edən fənlər üzrə isə imtahanların yazılı formada təşkil edilməsi nəzərdə tutulub
Kitabxanaya 2015-ci ilin dekabrın 20-dən 2016-cı ilin yanvarın 31-dək kitabxana və oxu zalının xüsusi qrafik əsasında işləməsinin təmin edilməsi tapşırılıb. Əmrin 21-ci bəndinin icrası ilə əlaqədar mühəndislik korpusunda birinci mərtəbədə 103 nömrəli otaqda tibb məntəqəsi təşkil yaradılıb və 2 tibb bacısı təhkim edilib.
Bunlarla yanaşı, Azərbaycan Təhsil Nazirinin 15 dekabr 2015-ci il tarixli 1119 nömrəli imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmri universitet rektorunun 21 dekabr 2015-ci il tarixli 842 nömrəli əmrlə elan edilib, müvafiq struktur bölmələrinə çatdırılıb. Təhsil Nazirinin müvafiq əmrinin icrası məqsədilə imtahan qərargahı yaradılıb, bu məqsədlə mühəndislik korpusunda 3-cü mərtəbədə 316-cı otaq telefonla təmin edilib, qərargahın fəaliyyəti ilə bağlı bütün imtahan otaqlarının qarşısında məlumat yerləşdirilib.
İmtahan prosesinin fasiləsiz internet və elektrik enerjisi ilə təminatı məqsədilə rektorun imzası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məktublar göndərilib.