Cəmiyyət (23-12-2015, 22:14)
Neftçilərin ailələrinə 50 min manat verildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzada həlak olan və itkin düşənlərin ailələrinə ümumilikdə 50 min manata yaxın birdəfəlik maddi yardım göstərib.
Mediatv.az-a AHİK-dən bildirilib ki, hadisə baş verdiyi ilk gündən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, o cümlədən sahə həmkarlar ittifaqının rəhbərliyi qəza nəticəsində həlak olan, itkin düşmüş neftçilərin ailələrinin dərdinə şərik olub, xilas edilmiş neftçilərin problemlərinin həllinə köməklik edilməsi məqsədilə müvafiq addımlar atıblar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən və xilas olunan neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib.
Qəbul edilən qərara müvafiq olaraq qəza nəticəsində "Günəşli" yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, "Neft Daşları"nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 manat, xilas olan 33 nəfər neftçinin hər birinə isə 500 manat, ümumilikdə isə 49 500 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.