Cəmiyyət (14-12-2015, 13:52)
Siqaret çəkənlərə bəd xəbər
Azərbaycanda “Tütün və ya tütün məmulatı haqqında” Qanun ilə qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək.
Mediatv.az xəbər verir ki, bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.
Yeni hazırlanmış Məcəlləyə əsasən qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər.
Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur.
Həmçinin, yeni Məcəlləyə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat bəbləğində cərimə edilir.
Xatırladaq ki, “Tütün və ya tütün məmulatı haqqında” Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir.
Qeyd edək ki, bir müddət bundan öncə Azərbaycanda ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə, 50 manat məbləğində cərimə tətbiq edilməsinə başlanılıb.
Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.