Cəmiyyət (29-11-2015, 16:27)
Hərbçilər Nardaranı əhatəyə alıb – Ağsaqqallar yekun qərar verəcək
Dünəndən başlayaraq Nardaran qəsəbəsində qarışıq durumdan narazılıq bu gün səhər saatlarında qəsəbə sakinləri arasında yüksək həddə çatıb.
Mediatv.az-ın məlumatına görə, hazırda meydana toplaşanlar arasında müzakirələr gedir, meydanı boşaltmaq və əvvəlki normal həyata tərzinə qayıtmaq təklifləri səsləndirilir.
Əksəriyyət evlərə çəkilməyi, asayişi yenidən bərpa olunmasını tələb edir.
Yaxın dəqiqələrdə meydanda yekun yekdil qərar qəbul olunacağı gözlənilir.
Virtualaz.org saytının xüsusi müxbirinin verdiyi xəbərə görə isə Nardaranda meydan hələ də adamlarla doludur. Onlar meydanda tonqal ətrafına toplaşmaqda davam edirlər.
Kəndin küçələrində daş qalaqları görmək olar. Sakinlər Daxili Qoşunların kəndə yeridilməsi ehtimalına belə hazırlaşırlar.
Nardaranda hələ də işıq yoxdur. Telefon işləmir. Bununla belə kənddə ərzaq çatışmazlığı problemi yoxdur.Polis qüvvələri və hərbçilər Nardaran qəsəbəsinin giriş-çıxışlarını ciddi nəzarətə götürüb.
Virtualaz.org saytının hazırda hadisə yerində olan xüsusi müxbiri xəbər verir ki, qəsəbəyə aparan yollarda polislər və hərbi geyimli şəxslər növbə çəkir. Blok-postlarda isə zirehli texnika var.
Bu dəqiqələrdə Nardaran ağsaqqallarının toplantısı keçirilir. Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib. N.Kərimovun sözlərinə görə, toplantıda baş verən hadisə ilə bağlı yekun qərar veriləcək və bu qərar bütün kənd camaatı tərəfindən icra ediləcək.
Qeyd edək ki, noyabrın 26-da dindarlarla polis arasında baş verən silahlı toqquşma zamanı ikisi polis əməkdaşı olmaqla, yeddi nəfər dünyasını dəyişib.
Dindarların meyiti hələ də ailələrinə təhvil verilmədiyi üçün Nardarandakı meydanında kənd camaatı tərəfindən postlar qurulub. 3 gündür ki, meydana toplaşan kənd sakinləri meyitlərin ailələrinə verilməsini tələb edirlər.
Bu toplantıda meydanın boşaldılması və bu addımla da meyitlərin ailələrinə geri qaytarılmasının təmin edilməsi üçün qərar qəbul ediləcəyi gözlənilir.