Cəmiyyət (28-11-2015, 16:12)
ATU-da dövlət tərəfindən dəstəklənən koxlear implant əməliyyatları keçirilib- FOTOLAR
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında Səhiyyə Nazirliyinin
dəstəyi nəticəsində dörd uşağın eşitməsini bərpa etmək məqsədi ilə
Koxlear İmplant Əməliyyatları uğurla həyata keçirilib.
Mediatv.az xəbər verir ki, Nazir Oqtay Şirəliyevin tapşırığı ilə ilk dörd xəstə bu gün əməliyyat
edilib. Sevindirici haldır ki, artıq bu proses dövlət tərəfindən
dəstəklənir. Belə ki, əməliyyat zamanı taxılan cihazlar Səhiyyə
Nazirliyi tərəfindən təqdim olunur.
“Daxili qulağın protezləşməsi” əməliyyatları sayəsində anadangəlmə,
eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur. ATU-nun
rektoru akademik Əhliman Əmiraslanovun səyi nəticəsində Tədris
Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür
şərait və avadanlıqla təchiz olunmuşdur.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının
Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman həkim Yusif Hacıyev deyir ki,
bu əməliyyatların uğurlu keçməsi üçün əsas şərtlərdən biri xəstələrin
mümkün qədər tez - 4 yaşa qədər müraciət etməsidir:
“Hazırda əməliyyat etdiyimiz uşaq 1 yaş 8 aylıqdır. Yəni, biz artıq nitq
inkişafının başlanğıcında bu körpəyə implant cihazı taxmış olduq. Bu
uşaq artıq heç bir şəkildə o biri uşaqlardan fərqlənməyəcək, danışığı da
gecikməyəcək. Qeyd edək ki, əməliyyat etdiyimiz dörd uşaqdan ikisi 3
yaşında, biri 1 yaş 8 aylıq, digəri isə 12 yaşında idi. 12 yaşlı
pasientimiz digərlərindən fərqli olaraq sonradan eşitmə qabiliyyətini
itirmişdir”.
Həkim Y.Hacıyev bütün uşaqların vaxtında eşitmə müayinəsindən
keçirilməsini, vaxtında həkimə müraciət etməsinin önəmli olduğunu deyir:
“Əgər hər hansı bir narahatçılıq müşahidə olunursa, uşaq vaxtilə hansısa
bir ciddi xəstəlik keçiribsə, mütləq eşitmə yoxlanmasından keçmək
lazımdır”.
Qeyd edək ki, əməliyyat zamanı eşitməyən uşaqların qulağına implant
daxil edilir. Bu da körpələrin rahatlıqla eşitməyə və danışmağa
başlamasına kömək edir.
Dr. Nüşabə Səfərova