Cəmiyyət (20-08-2015, 14:36)
"İçəridə" 15 sutka necədir?
"Mən uzun illərdir cəmiyyətin ekoloji cəhətdən maarifləndirilməsi üçün çalışıram, insanları təbiətə öz evi kimi yanaşmaq konsepsiyasını təlqin edirəm. Evində tullantıları necə toplayıb konteynerə atırsansa, təbiətlə də elə davranmalısan! Başqa yolu yoxdur, yoxsa biz öz təbiətimizi gələcək nəsillərə olduğu kimi ötürə bilməyəcəyik". Bunu Trend-ə ekoloq Telman Zeynalov belə deyib.
Onun fikrincə, normal düşüncə tərzinə malik olan hər bir insan cəmiyyətdə belə bir ab-havanın formalaşmasını istərkən, öz ambisiyalarını qərəzli şəkildə ictimai fikrə yeritməyə çalışanlar süni gərginlik yaratmaq yolu ilə adamları çaşdırır, insanların təbiət, ekologiya haqqında düşüncələrini səhv istiqamətə yönəldirlər:
"Nə qədər qərəzli, yaxud da düşüncəsiz olasan ki, Göygölü zibilləyənləri qınamaqdansa, Ekologiya Nazirliyini ittiham edəsən? Bunların, deyəsən, görmə qabiliyyəti itib, Göygöldə o qədər zibil qutularını görmürlər? Yəqin, görmək istəmirlər. Əcəba, görəsən, bəzi əbləhlər niyə cəmiyyəti yanlış düşünməyə yönəldirlər? Belə çıxır ki, Göygöl Milli Parkının işçiləri hər bir ziyarətçinin arxasınca düşməli, onun atdığı zibili, tullantını toplamalıdırlar? Absurd yanaşmadır, heç bir məntiqə sığmır. Dünyanın heç bir yerində belə düşüncə yoxdur. Bir daha bəyan edirəm, küçəyə də, yola da, dağa, meşəyə də zibil atmayın, Göygölə isə heç atmayın! Müəyyən olunmayan yerə atdığınız hər bir tullantı mütləq sabah öz evinizə dolacaq! Təklif edirəm ki, qanunda dəyişiklik edilsin, təbiəti zibilləyənlər nəinki cərimələnsinlər, hətta 15 sutka cəzalandırılaraq təbiətdə zibillərin toplanması işinə cəlb edilsinlər".