Cəmiyyət (18-08-2015, 15:33)
Bakıda "Həci" əməliyyatı
"Həci başqadu, Yavər". Yəqin, bu cümlə hər kəsə tanışdır. İndi artıq bu cümlələri nəinki telefonlarda zəngimselə qoyurlar, artıq onu məktəbli çantalarının üstünə də yazırlar.
Bazar və dükanlarda üstündə müxtəlif ifadələr, çağırış xarakterli sözlər və qeyri-etik cümlələr yazılan məktəbli çantalarına da rast gəlmək olar. Hətta məktəbli çantalarının üstünə məşhur insanlar haqqında da yazmağı unutmayıblar. Hətta bəzi çantaların üzərində "I love Hacı Şahin" sözləri də yazılıb.
Əslində isə bu tip çantaların şagirdlərin təhsili və psixoloji formalaşması üçün xoşagəlməz mühit yaradır. Ekspertlər düşünürlər ki, şagirdlərin gələcəyini biznes maraqlarına qurban vermək olmaz. Psixoloq Dəyanət Rzayev baku.ws-ə açıqlamasında bildirib ki, belə məktəbli çantalarının satışa buraxılması yolverilməzdir.
"Belə əməllər uşaqların psixologiyasına təcavüzdən başqa bir şey deyil. Bu tip çantalar məktəblilərin psixologiyası ilə yanaşı, dialektinə də mənfi təsir edir. Uşaqlar hətta məktəbdə belə ara sözlərilə danışır, etik olmayan zarafatlar edirlər. Bu da dilimizin və milli şüurumuzun inkişafı üçün mənfi bir haldır. Valdeynlər belə çantaları övladları üçün almamalıdırlar. Bunun qarşısı indidən alınmasa, gələcəkdə daha geniş vüsat alacaq və ümumiyyətlə qarşısını ala bilməyəcəklər", - deyə Dəyanət Rzayev bildirib.
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov isə baku.ws-ə açıqlamasında bildirib ki, həmin problemlə dövlət qurumları məşğul olmalıdır. Onun sözlərinə görə, belə çirkin biznes gedişi həm uşaqların hüquqlarını, həm də dövlətin qanunlarını pozur.
"Buna İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Təhsil Nazirliyi nəzarət etməlidir. Belə qanunsuz əməllərin səbəbkarları mütləq cəzalandırılmalıdır", - deyə Yusif Bəkirov vurğulayıb.
Təhsil Nazirliyindən isə bildirdilər ki, bu cür çantaların şagirdlər tərəfindən məktəblərə gətirilməsinin qarşısı alınacaq.