Cəmiyyət (20-07-2015, 11:06)
Dolu Azərbaycanın bu rayonlarına ziyan vurdu
Qoz böyükülüyündə dolu ağaclardakı meyvələri, yarpaqları tökdürüb, evlər və maşınlara ziyan dəyib.
Bu gecə Azərbaycanın bəzi rayonlarına güclü dolu və yağış düşüb. ANS PRESS-in məlumatına görə, dolu yağışı daha çox Göyçay, Qəbələ, İsmayıllı rayonlarında müşahidə edilib.
Qəbələnin Bum kənd sakini Həmdiyə Qaragözövun verdiyi məlumata görə, dolu saat 21 radələrində başlayıb və təqribən yarım saata yaxın davam edib. "Dolu nəticəsində elektrik xətləri qırılıb, kənd təsərrüfatına ciddi ziyan dəyib. Ağaclardakı qoz, fındıq belə tökülüb. Heç yarpaqlar da qalmayıb. Əhalinin gəlir qaynağı kimi baxdıqları bostan məhsulları məhv olub".
Dolu əhaliyə maddi ziyan da vurub. Belə ki, qoz böyüklüyündə olan buz parçaları maşınların əzilməsi, dam örtüklərinin deşilməsinə də səbəb olub.
Saat 08:02
Ötən gün axşam saatlarında başlayan dolu Göyçayın Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə sahələrinə ziyan vurub. Güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Evlərin dam örtüyü, pəncərələrin və maşınların şüşələri sınıb. Dolu düşən kəndlərin enerji təsərrüfatı və rabitə sistemində də problemlərin yarandığı bildirilir.
Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, otlaq və əkin sahələri, habelə meyvə ağacları, pomidor və xiyar istixanaları ziyan görüb.
Təbii fəlakət Göyçayla yanaşı, Qəbələ Qəmərvan, Hacılı, İsmayıllının Gileyli və Kürd kəndlərinə də ziyan vurub.
Mediatv.az