Təhsil (14-12-2021, 16:01)
67 nömrəli məktəbdə pul yığılması iddiasına - Rəsmi cavab
Bir neçə gün öncə jurnalist Həbibə Abdulla öz feysbuk səhifəsində 67 saylı orta məktəbdə fond pulu yığıldığı ilə bağlı post paylaşaraq qızını məktəbə göndərməmək qərarına gəldiyini bildirmişdi.
“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu verib. Cavab olaraq bildirilib ki, paytaxtdakı 67 nömrəli tam orta məktəbdə Valideyn-Müəllim Assosiasiyasına üzvlük haqqı yığılması ilə bağlı BŞTİ tərəfindən araşdırma aparılıb:
“Bakı şəhəri 67 nömrəli tam orta məktəbdə 26.03.2010-cu ildə Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının Sabunçu rayonu üzrə 1 nömrəli filialı təsis edilib. Valideynlər könüllü olaraq AVMA-nın üzvlüyünə qəbul edilir.
Məktəbin 3b sinfinin 20-25 nəfər valideyni ilə aparılmış sorğu zamanı həmin valideynlərdən 10 nəfərin Azərbaycan Valideyn-Müəllim Assosiasiyası üçün nəzərdə tutulmuş aylıq bir manat üzvlük haqqını ödəməkdən imtina etdikləri və heç zaman ödəmədikləri müəyyən edilib. Şifahi sorğuda iştirak edən digər valideynlər isə üzvlük haqqının ödənilməsi ilə bağlı etirazlarını bildirməyiblər. Eyni zamanda, həmin sinif şagirdlərinin valideynlərindən məcburi qaydada AVMA üçün üzvlük haqqının tələb olunması, habelə məktəb rəhbərliyi və müəllimlərin bu məsələyə müdaxilə etməsi halları müəyyən edilməyib”.