Sosial / Slayd (9-01-2015, 20:00)
Bakı Gömrüyünə qarşı ciddi ittihamlar! - İdarə isə susur
Dekabrın son günlərində Ölkə.az saytında Bakı Gömrüyü ilə bağlı şok iddiaların yer aldığı bir məqalə dərc olundu.
Mediatv.az-ın verdiyi xəbərə görə, yazıda iddia olunurdu ki, Bakı Gömrüyündə rüsumların ödənişinin dollara keçirilməsi barədə idarə rəhbərliyi və şəxsən idarənin rəisi Vüsal Novruzovun şifahi göstərişi ilə ölkəyə mal gətirən sahibkarlardan rüsumları məcburi olaraq dollarla ödəmək tələb olunub.
Dərc olunduğu müddətdən 10 gün keçməsinə rəğmən məqalədə yer alan iddiaların hələ də rəsmi təkzib olunmaması bir çox suallar doğurur.
Bu gün isə oxşar iddialar İstiqlal.az saytında dərc olunan digər məqalədə təkrar səslənir.
Yazıda qeyd olunur ki, Bakı Baş Gömrük İdarəsində manatdan faktiki olaraq imtina edilib. Həm dövlət rüsumu, həm də qeyri-rəsmi ödənişlər yalnız dollarla aparılır. Bu barədə istiqlal.az-a iş adamlarından biri məlumat verib.
İş adamının sözlərinə görə, rüblun dollara nisbətdə məzənnəsinin ölməsi manatın da eyni aqibətlə üzləşəcəyi qorxusunu yaradıb: “Bu halda gözlənilən ziyanı önləmək üçün Bakı gömrüyündə dollara keçidə start verilib. Gömrük işçiləri bildirirlər ki, bu qeyri-rəsmi qərarı Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzov verib. Qərarın icrasına isə onun müavini Elçin Şirinov rəhbərlik edir”.
Mənbə vacib detalı da açıqlayıb: “Gömrük bosslarının dollar keçidi tək manatın rublin aqibətini yaşayacağı qorxusu ilə bağlı deyil. Onlar bu məsələdə də “biznes” qurmağı bacarıblar. Valyuta dəyişmə məntəqələrində dollar qıtlığı yarandığından Bakı gömrüyündə qeyri-rəsmi valyuta dəyişmə məntəqəsi fəaliyyət göstərir. Orada isə dollar Mərkəzi Bankın rəsmi kursuna uygun olaraq 78 qəpikdən yox, 85 qəpikdən satılır. İş adamları əksər hallarda dolları baha qiymətə almağa məhkum olurlar. Valyuta biznesini isə V.Novruzovun “kassiri” sayılan E.Şirinov kurasiya edir” .
Daha sonra məqalədə səslənən iddialara sayt tərəfindən belə şərh verilir: "Ölkəyə daxil olan malların əksəriyyəti Bakı gömrüyündə sənədləşdirilir. Azərbaycana hər il milyardlarla dollarlıq mal gətirilir. 2014-cu ildə bu məbləğ 10 milyard 700 milyon dollar olub. Əgər idxal mallarının sənədləşdirilməsi üçün rəsmi və qeyri-rəsmi rüsumlar dollarla aparılacaqsa, bu o deməkdir ki, valyuta bazarında dollar süni tələbat yaradılır və manatın kursunun sabit saxlanılması üçün dövriyyəyə əlavə vəsait yatırmaq lazım gələcək. Bu dövlətin iqtisadi təhlükəsizliyi üçün ciddi təhdiddir və təssüf bunun başında dövlətin iqtisadi təhlükəsizliyini təmin etməli olan gömrük xidmətinin rəhbərliyi dayanır. Realda isə real idxalın həcmi rəsmi statistikada göstərildiyindən daha çoxdur. Alternativ hesablamalara görə, ildə ən azı 4-5 milyardlıq idxal məhsulu rəsmi qeydiyyatdan gizlədilir. Təbii ki, bu mallara rəsmi rüsumlara cəlb edilməsə də, qeyri-rəsmi rüsumlara artıqlaması ilə cəlb edilir. Deməli, gömrükdə hesablaşmaların dollarla aparılması manatın təhlükəsizliyi baxımından çox böyük riskli addımdır. Dövlət məsələyə müdaxilə etməsə manat həqiqətən də rublun taleyini yaşayacaq".
Göründüyü kimi hər iki yazıda yer alan iddia və rəqəmlərin miqyası çox genişdir. Əgər bu iddialar doğrudursa, xüsusi ilə yerləşdiyimiz regionun iqtisadi böhranla çarpşdığı bir dönəmdə Azərbaycan manatının sabitliyinə böyük təhlükədir.
