Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-10-2014, 22:25)
Rus rublu sürətlə ucuzlaşır - PROBLEM

 

Ekspertlərin fikrincə, Rusiya valyutasının ucuzlaşması nəticəsində bu ölkədə yaşayan soydaşlarımız gəliri azalacaq

Dünən ilk dəfə olaraq rus rublu avro və dollara nisbətdə rekord həddə düşüb. Belə ki, Moskva birjasında bir avro daha 19 qəpik bahalaşaraq 53.002 rubl olub. Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev məsələ ilə bağlı verdiyi açıqlamasında panikaya düşməməyə çağırıb: “Rusiya Bankı inflyasiya ilə mübarizə aparır. Düzdür, bu bizi narahat edir. Amma kursun necə olmasına baxmayaraq, inflyasiya bizim nəzarətimizdə olacaq”.

Qeyd edək ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya və dünya bazarında neftin ucuzlaşması son iki ayda rus rublunun avro və dollar qarşısında ucuzlaşmasına gətirib çıxarıb.

Bəs, görəsən, rublun durmadan ucuzlaşmasının Azərbaycana hansısa təsiri olacaqmı?

Məsələni «Həftə içi»nə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, regiondakı son proseslər birmənalı şəkildə Rusiya iqtisadiyyatına, eləcə də Rusiya rubluna mənfi təsir göstərir. O, güman edir ki, Rusiya rublunun məzənnəsindəki addımlar ciddi şəkildə davam edəcək. Baxmayaraq ki, bu Rusiyanın ixrac potensialını artıra bilər, amma dollara nisbətən, rublun məzənnədən düşməsi, bu Rusiya iqtisadiyyatı üçün ciddi bir problemdir.

Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya rublunun məzənnəsinin aşağı düşməsi, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlərə malikdir: “Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rubl ilə saxlayır. Yəni, rublun aşağı düşməsi, həmin ehtiyatlara mənfi təsir göstərəcək, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi, rublun manata nisbətən məzənəsinin də azalmasına gətirib çıxaracaq. Yəni, manat da rubla nisbətən möhkəmlənəcək. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabilliyətini müəyyən qədər məhdudlaşdıracaq. Bu, faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalı olmasına gətirib çıxaracaq».

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert Samir Əliyev isə deyib ki, hazırda Rusiya iqtisadiyyatında müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir: “Rublun ABŞ dollarına nisbətdə məzənnəsi təkcə 2014-cü ildə 20 faizdən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5 faiz olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də, oktyabrın əvvəlində müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artırmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. “Bloomberg”in hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir”.

Rublun ucuzlaşmasının Azərbaycana təsirlərinə gəlincə, iqtisadçı bunu istisna etməyib: “Ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşmasının ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Rusiyanın soydaşlarımız üçün “iş yeri” olduğunu nəzərə alsaq, bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən, ticarət əlaqələrimiz olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsirsiz ötüşdüyü fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də, bir ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Bəs, bu zərər nədən ibarətdir? Əvvəla, rus rublunun dəyərsizləşməsi özünü Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20 faizdən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə ölkəyə 1,2 milyard dollar həcmində pul keçirilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq, bu rəqəmin artdığını görə bilərik. Bu pullar, təbii ki, rublla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəqəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir”.

Rublun ucuzlaşmasının Azərbaycanın ixrac potensialını zəiflətdiyini deyən Samir Əliyev qeyd edib ki, milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir: “Yəni dollar rubla nəzərən bahalaşdıqca, manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə, Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu, onların rəqabətqabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində geriləmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22 faiz azaldığı halda, ixracın azalması 42 faizə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili tələbatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca, bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqelərini saxlamaq çətin olacaq».

Ekspert həmçinin bildirib ki, rublun dəyərdən düşməsi Rusiyada ərzaq inflyasiyasını gücləndirir: «Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11,5 faiz təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir”.

Sevinc

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024