Sosial (2-03-2014, 22:53)
Ukraynanın sabiq prezidenti Putinə “şizofrenik” dedi
“Mənim 80 yaşım var. Amma Ukrayna naminə Rusiyaya qarşı döyüşmək üçün mən də əlimə silah götürüb döyüşməyə hazıram”.
“Mediatv.az” xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk ölkəsinin üzləşdiyi rus təcavüzü təhlükəsini şərh edərkən deyib.
“Hələ indiyə qədər heç bir rusiyalı biz ukraynalıların,- ruslar bizə benderlər deyir,- əlində ölməyib. Belə fakt yoxdur. Amma digər faktlar var. Krım bu gün Rusiya qoşunları tərəfindən işğal olunub. Ruslar bizim hərbi hissələri mühasirəyə alıblar, Sevastopoldakı Belbek aeroportunu dağıdıblar. Krım hazırda rus hərbçilərinin nəfəsi altında yaşayır. Ruslar Krımı işğal ediblər. Bu, faktiki olaraq işğaldır, təcavüzdür” - deyə L.Kravçuk bildirib.
Sabiq prezident Rusiyanı işğalı dayandırmağa çağırıb: “Bizim xalqlar arasında müharibə ola bilməz. Rusiya və Putin doğrudanmı anlamırlar ki, onlar tarixə təcavüzkar kimi düşə, bu isə III dünya müharibəsinin başlanğıcı ola bilər?” - deyə L.Kravçuk təəccübünü ifadə edib.
O daha sonra deyib: “Mənim ulu babam və babam I dünya müharibəsi zamanı Rusiya ilə, ruslarla çiyin-çiyinə döyüşüblər. Onların çardan aldıqları mükafatlar da var. 80 yaşım olsa da mən də əlimə silah götürüb Ukrayna üçün vuruşacağam. Hər bir vətəndaş öz ölkəsini özünün evi, ailəsi kimi qoruyacaq. Bunu hamı bilsin!”.
L.Kravçuk hiddətlənərək Rusiyaya xəbərdarlıq da edib: “Krımda qadınlar və uşaqlar küçəyə çıxdılar ki, iki ölkənin hərbçilərinin arasına girib sülhün pozulmasına imkan verməsinlər. Biz Çeçenistan təcrübəsini unutmamışıq. Orada nə qədər dinc adam öldü?! Müharibədə təkcə peşə borcu həlak olmaq olan hərbçilər ölmürlər. Həm də qocalar, qadınlar, uşaqlar ölürlər. Bəs onlar nəyə görə ölməlidir? Hansısa şizofrenik belə istədiyi üçünmü? II dünya müharibəsindən sonra Nürnberq prosesi olmuşdu. Əlbəttə, bu proses Almaniyada keçirilmişdi. Amma bu proses digər ölkələrdə də təkrarlana bilər”. Virtualaz.org