Sosial (27-02-2014, 18:43)
“Xoş günümüz yaman düşdü qarışıq....”
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkənin ən uzunömürlü məmurlarından olan Tağı Əhmədov vəzifəsindən azad olunub. Mətbuata qarşı kobud davranışları ilə yadda qalan T. Əhmədov həm də qələm əhlidir. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazır. Məlum olan şeirlərinin əksəriyyətinə mahnılar bəstələnib. Ona görə Tağı Əhmədova nəğməkar-şair də demək olar. “Qafqazinfo” bu məqamda keçmiş metropoliten rəisinin bir neçə şeirini təqdim edir. Qeyd edək ki, təqdim etdiyimiz şeirlərə də mahnılar bəstələnib.
Toxundu
Çox güvəndim sənli olan sevgiyə
Nədənsə, qismətim daşa toxundu.
Məni atıb könül verdin özgəyə
Yoxsa ki, məhəbbət yaşa toxundu.
Bu dünyanın qarası var, ağı var
Sevənlərin sevgi kimi dağı var
Hər bülbülün cəh-cəh vuran bağı var
Məhəbbət büdrəyib xışa toxundu.
Qəlbin çırpıntısı sevəndə olur
Ürək sızıltısı sevəndə olur
Könül pıçıltısı sevəndə olur
Sevgimiz dən düşmüş başa toxundu.
Tara vurğun olduq, kamana aşiq
Muğam şahnaz üstə verdi yaraşıq
Xoş günümüz yaman düşdü qarışıq
Bu yatan eşqimiz huşa toxundu.
Könlümüzü açdıq sevgi dağında
Bir çiçəkli çəmən, bir yaz çağında
Sadiq qərar tutdu hicran bağında
Güllü baharımız qışa toxundu.
Necə dözüm
Yanaqların lalə, dodaqların bal
Alıbsan canımı gözəl həyalım.
Zərif qollarını aç, boynuma sal
Qoyma ki, bu qədər odlara yanım
Hicran daşın atıb sənə inanım.
Gecə də, gündüz də arar yar yarı
Həm acı, həm şirin eşqin diyarı
Deyirəm qismətim olardın barı
Sənsən mənim ruhum ay gözüm, canım.
Sən aydan, günəşdən daha təmizsən
Sanki ləpələnən mavi dənizsən
Bil ki, necə varsan, elə əzizsən
Bir söylə bəs necə dözüm, dayanım.
Yar sənsiz bir günüm bil ki, bir ildi
Bu sevdam car oldu, el aləm bildi
Adıma az qala Məcnun deyildi
Neyləyim sevgimi, mən necə danım.
Dağın həzin yeli, çəmən gülüsən
Tax yaxan üstə qızılgülü sən
Sadiqin qəlbində xoş sevgilisən
Halaldır yolunda tökülsə, qanım.
Sənsən mənim ruhum ay gözüm, canım.
Gözəl
Yaradan yaradıb necə xoş gündə
Günəşdən nur alıb yanırsan gözəl
Bilirsən yox tayın odur özünsən
Aşiqanə çox naz satırsan gözəl.
Dilim söz tutmadı adını bilim
Bilirsən keçmişdi cavanlıq ilim
Çinar boylu, ağca maya, ay gülüm
Ətrafı yandırıb-yaxırsan gözəl.
Danışdın dür düşdü incə sözündən
Baxan çəkə bilməz gözün üzündən
Doğrusu gözəlsən, deyim düzündən
Özündə bunları anırsan gözəl.
Kimsəni görmədim tuta əlindən
Bir kəs incimədi tuti dilindən
Xoşbəxtdir kimsə tutsa, incə belindən
Aşkara bunları sezirsən gözəl.
Naz ilə yeridik birgə cüt qoşa
Yaydan çıxan oxum dəymişdi daşa
Xalqımın mərd qızı sən xoşbəxt yaşa
Sadiqi bəlaya salırsan gözəl.