Sosial (21-02-2014, 11:16)
“İnanmıram ki, prezident cızığından çıxmış məmura güzəşt etsin”
"Mediatv.az" Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin musavat.com-a verdiyi müsahibəni təqdim edir:
- Əhəd müəllim, hazırda necə deyərlər, qışın oğlan çağıdır. Daşkəsən rayonu qışın ən sərt keçdiyi bölgələrdəndir. Qış bu rayona tez gəlir, gec gedir. Hazırda vəziyyət necədir?
- Doğru deyirsiz ki, Daşkəsən rayonunda iqlim şəraiti çox sərtdir. Əbəs yerə Daşkəsəni Azərbaycanın Uralı adlandırmayıblar. Burada qış özünü oktyabrdan büruzə verməyə başlayır. Aprel ayına kimi havalar çox soyuq keçir. Amma son illər rayonda aparılan quruculuq-abadlıq işləri o səviyyədədir ki, qış nə qədər sərt, qar-çovğunlu, şaxtalı keçsə də, bu, Daşkəsəndə həyatın tam iflic olmasına gətirib çıxarmır. Texnikaların köməyi ilə istər rayona gələn yol, istər şəhərarası küçələr, istər də rayon mərkəzi ilə kəndləri birləşdirən yollar qardan təmizlənir. Son illər rayona təbii qazın verilişində də ciddi irəliləyişlər var. Hətta hərbi hissələrə də qaz çəkilişi başa çatdırılıb. Hinaldağ-Qoşqar-Murov yolu tam yenidən asfaltlaşdırılıb. Heç şübhəsiz bütün bu işləri cənab prezidentin dəstəyi, diqqəti və qayğısı olmadan həyata keçirmək olmazdı. Biz cənab prezidentin verdiyi tapşırıqları çalışırıq ki. maksimum yüksək səviyyədə həyata keçirək.
Daşkəsən hazırda yüksək sürətlə abadlaşdırılır. Son 3 ildə Daşkəsəndə görülən işlər 70 ildə olmayıb. Əvvəllər Daşkəsənin yaylaqları, otlaq sahələri ətraf 7 rayona verilmişdi. Mən son illər buna son qoydum. Artıq Daşkəsənin yaylaqları, otlaq sahələri daşkəsənlilərin ixtiyarına verilib.
- Bugünlərdə qəzetlərdən birində yazılmışdı ki, Daşkəsəndə əhali problem içində yaşayır, amma üzləşdiyi problemləri həll edə bilmir. Doğrudanmı şikayətçilər qəbulunuza düşməkdə çətinlik çəkirlər?
- İnanın, mən nəinki yerli əhalinin problemləri ilə maraqlanıb onların həlli üçün çalışıram, həmçinin rayona gələn qonaqların, turistlərin də istənilən məsələ ilə bağlı şikayətlərinə həssaslıqla yanaşıram. Bunlar qərəzli yazılar olmaqla yanaşı, həm də tamamilə cəfəngiyyatdır. Görünür, kimlərsə sifarişlə bu cür şayiələri yaydırıb, insanlarda, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Mən bu cür adamlara sizin qəzetiniz vasitəsilə üzümü tutub deyirəm: çaşmayın və düşmən dəyirmanına su tökməyin! İcra başçıları prezidentin yerlərdəki səlahiyyətli nümayəndələridir. Biz özbaşına deyilik ki, istədiyimiz vaxt harasa gedək, saatlarla işdə tapılmayaq, rayonun problemləri ilə maraqlanmayaq, əhalini taleyin ümidinə buraxaq. İcra başçıları günaşırı Prezident Administrasiyası ilə, ayrı-ayrı nazirliklərlə mütəmadi kontaktda olurlar. Başçılara mərkəzdən tapşırıq və tövsiyələr verilir Bu dövlət qanunlarla yanaşı, həmçinin əsasnaməyə uyğun idarə olunur. Heç kim rəhbərliyə məruzə etmədən, administrasiyadan icazə almadan günlərlə işdən ayrıla bilməz. Mən uzun müddət icra və qanunvericilik orqanlarında çalışmışam, təmsil olunmuşam. Dövlət işinin, idarəçiliyin nə demək olduğunu çox gözəl bilirəm. Ən əsası, cənab prezident bu postu mənə tapşırıb. Mən möhtərəm İlham Əliyevin, Ali Baş Komandanımın zabitiyəm. Onun mənə həvalə edib tapşırdığı postu nəinki günlərlə, hətta 1 saat belə olsun qoyub harasa getmərəm. Mən layiqincə xidməti vəzifəmi yerinə yetirməyə çalışıram.
- Bəs bu söz-söhbət onda niyə yayılır? Hətta mətbuata qədər ayaq açır?
- Yaxşı olar ki, bu sualı belə şayiələri yayanlara verin.
- Biz onları tanımırıq, adlarını, ünvanlarını deyin, gedək sualı verək.
- Siz jurnalistsiniz, araşdırsanız taparsınız (gülür)...
- Hər halda, gümanınız, təxminləriniz olmamış deyil.
- Bu cür şayiələr heç vaxt təsadüfən yayılmır. Bunun arxasında mütləq kimlərinsə niyyəti olur. Təəssüf ki, bu, qara niyyətli adamların işidir. Məqsəd ayrı-ayrı məmurları xalqın və prezidentin gözündən salmağa hesablanıb. Belə ki, eyni şablon sözləri ayrı-ayrı başçıların ünvanına ad-soyadını, ayın tarixini dəyişdirməklə dərc edirlər. Bu da qərəzdən xəbər verən əməldir.
- Deyilənə görə, bəzi məmurlar bir-biriləri haqda mətbuata kompromat materiallar ötürürlər. Sizin haqqınızda bu cür xəbərləri yayanlar hakimiyyət içindən ola bilərmi?
- Kim nə yayır yaysın, xalqın gözü tərəzidir. Rayon əhalisi bizim fəaliyyətimizin canlı şahididir. Üstəlik, cənab prezident də kimin kim olduğunu yaxşı bilir. Ona görə də narahat deyiləm. Lakin bu cür pis fəaliyyətlə məşğul olanlar sonda öz cəzalarını alırlar. Vaxtilə bəzi məmurlar müxalifət mətbuatına xəbərlər ötürürdülər. Özü də bu xəbərlərin əksəriyyəti yalana söykənirdi. Dövlətçiliyə zərbə vurmağa çalışan bu cür məmurlar çox sərt şəkildə cəzalandırıldılar. Onlar çaşmışdılar. Müvəffəqiyyətdən başları gicəllənmişdi. Kölgələri özlərinə yekə görünürdü. Elə bilirdilər ki, nail olduqları ad-san, şöhrət öz hesablarınadı. Amma bir gün onların cəzası veriləndə anladılar ki, cızıqlarından çıxıblar, çaşıblar. El arasında yaxşı bir misal var. Deyir, çaşdın - aşdın. Bax, bəzi məmurlar çaşdılar, sonra da onlar sözün siyasi mənasında aşdılar, dərənin dibinə yuvarlanaraq əsl layiq olduqları yeri tapdılar. İndi də belələri var. Onlar da bəzən çaşırlar, kölgələri özlərinə böyük görünür. Amma bir gün cəzalarını alanda anlayacaqlar ki, dövlətdə vəzifə tutub dövlətçiliyə qarşı çıxmaq olmaz. Çaşanda da axırı Əli İnsanov və başqaları kimi olur.
- Hakimiyyətdə belələri yenə varmı?
- Meşə çaqqalsız, tülküsüz olmaz. Bəzən çaqqallar və tülkülər özlərini aslana bənzətmək istəyirlər. Öz cır səsləri ilə ulayıb xalqın baş-beynini xarab edirlər. Amma aslan bir dəfə meydana çıxanda nərildəyəndə qaçıb yuvalarına girirlər...
- Bir qədər açıq danışasınız bəlkə.
- Mən həmişə kifayət qədər açıq danışıram, hərə öz payını götürsün...
- Əhəd müəllim, fevralın 5-də ölkə prezidenti İlham Əliyev geniş müşavirə keçirdi. Həmin tədbirdə ölkə başçısı bir neçə vacib məsələlərə toxundu.
- O müşavirədə icra başçısı kimi mən də iştirak edirdim. Çox yüksək səviyyədə bir müşavirə keçirildi. Cənab prezident həm ötən ilin yekunlarına dair hesabat xarakterli çıxış etdi, həmçinin qarşıda dayanan vəzifələr haqda aydın, səlis və olduqca dolğun çıxış edərək tapşırıq və tövsiyələrini verdi.
- Prezidentin iki istiqamət üzrə çıxışı daha çox yadda qaldı. Birincisi, məmurların xalqa davranışı, ikincisi də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi.
- Bəli, möhtərəm prezident o müşavirədə çox geniş miqyaslı nitq söylədi. Dövlət həyatının bir çox vacib istiqamətlərinə diqqət ayırdı. Ən əsas da sizin də dediyiniz kimi, korrupsiyaya qarşı mübarizdən və məmurların xalqa rəftarından danışdı. Bildirdi ki, bütün məmurlar xalqa normal davranmalıdır. Xalqın xidmətçisi olmalıdır. Görün Ali Baş Komandan İlham Əliyev nə qədər təvazökar və humanist prezidentdir ki, üzünü məmurlara tutaraq qəti şəkildə deyir ki, xalqın ən birinci xidmətçisi o, özüdür. Vallah dünyada belə şöhrətli prezident yoxdur. Bu sözü demək üçün gərək rəhbərin ürəyində öz xalqına geniş sevgi və məhəbbət olsun. Ona görə də cənab prezident haqlı olaraq məmurlardan xalqla sadə davranmağı, insanların qayğısına qalmağı, xalqa xidmət göstərməyi tələb edir. Həmçinin o, korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparacağını dedi. Artıq deyilən bu məsələlər çox ciddi nəzarətə götürülüb.
- Sizcə, İlham Əliyevin məmurlara bu xəbərdarlığından sonra nə baş verəcək? Harınlamış bəzi məmurlar cəzalandırılacaqmı?
- Bu işlər cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Mənim bu haqda konkret proqnoz verməyim doğru olmaz. Amma inanmıram ki, möhtərəm İlham Əliyev cızığından çıxmış, çaşan öz şəxsi maraqlarını xalqın, dövlətin maraqlarından üstün tutan hansısa məmura güzəşt etsin. Bu, mümkün olan iş deyil. Bizim prezidentimiz humanist xarakterə malik rəhbərdir. Amma ortada dövlətin, xalqın maraqları olanda o, heç nəyə və heç kimə güzəşt etmir. Cənab prezident Azərbaycan üçün çox böyük işlər görüb. Bakıda və regionlarda gedən quruculuq-abadlıq işlərinə baxın. Adamın fərəhdən qəlbi cuşa gəlir. Bəzi qonşu respublikalardakı iqtisadi vəziyyətlə Azərbaycanın iqtisadi qüdrətini müqayisə edin. Ermənistan sürətlə boşalır. Ermənilər yaxın və uzaq xaricə üz tuturlar. Çünki dolanışıq yoxdur, acından qırılırlar. Qonşu Gürcüstanı götürək. İnanın, Azərbaycan olmasaydı gürcülər soyuqdan donardılar. Möhtərəm prezident böyük humanistlik göstərib Gürcüstana sərfəli qiymətlərlə təbii qaz verilməsi haqda göstəriş verdi. Ən birincisi ona görə ki, Gürcüstanda, Borçalı mahalında soydaşlarımız, azərbaycanlılar yaşayır. Onların xətrinə gürcülərə də böyük güzəştlər edildi. Cənab prezident nəinki ölkədə yaşayan, başqa dövlətlərin ərazisində yaşayan azərbaycanlıların da qayğısına qalır. Cənab prezident hələ illər öncə deyib ki, o, 50 milyonluq azərbaycanlıların prezidentidir.
Belorusa da İlham Əliyev öz yardım əlini uzatdı. Bir necə il öncə Rusiya Belorusun borca görə qazını kəsəndə Lukaşenko kömək üçün cənab İlham Əliyevə müraciət etdi. Möhtərəm prezident də sağ olsun, dərhal yardım əlini uzatdı Belorus xalqına. Deməyim odur ki, İlham Əliyev Azərbaycanı elə bir vəziyyətə gətirib çıxarıb ki, nəinki xalqımız yaxşı dolanır, üstəlik, yaxın-uzaq qonşu ölkələrə, orda yaşayan azərbaycanlılara da əl tutur, dəstək verir.
Möhtərəm İlham Əliyevin ən böyük işlərindən biri də ölkəmizdə inkişaf və sabitlik yaratmasıdır. Azərbaycan xalqı arxayın və azad şəkildə yaşayır, evindən çıxır, işə gedir, ailəsi ilə sərbəst gəzə bilir. Xalqımız üçün bundan qiymətli nə ola bilər. Suriyada, Misirdə, başqa ölkələrdə hər gün onlarla insan öldürülür. Ukraynadakı vəziyyətə baxın. Son günlər paytaxt Kiyevdə, həmçinin başqa şəhərlərdə onlarla insan həlak olub, ölkədə vətəndaş müharibəsi gedir. Bunun sonunun necə olacağı isə bəlli deyil. Ukrayna böyük xarici güclərin savaş meydanına çevrilib. Amma bizdə Allaha şükürlər olsun ki, hər şey yüksək səviyyədədir. Bizim ölkə o mərhələni 20 il öncə adladı. Bizdə də vətəndaş qarşıdurması olurdu. 20 Yanvardan keçdik, Qarabağ müharibəsinin dəhşətlərini yaşadıq. Bakıda Şəhidlər Xiyabanımız var. Neçə-neçə gənc oğul və qızlarımız həlak oldu. Amma artıq sabitlikdir, Azərbaycanda insanlar öldürülmür, tarixi binalar məhv edilmir, uşaqlar yetim qalmır.