Sosial (24-02-2014, 22:11)
İcra başçısı: “Ermənilər Füzulinin əksər yaşayış məntəqələrini dağıdıb"
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qarabağ müharibəsi zamanı rayona dəyən ziyan, müharibədən sonrakı dövrdə rayonda görülən işlər, müharibədən zərər çəkmiş şəxslər üçün reabilitasiya tədbirlərinin görülməsi və digər mövzularda jurnalistlərin suallarını cavablandırıb.
Mediatv.az-ın məlumatına A.Alıyev Füzuli rayonuna Qarabağ müharibəsi zamanı böyük miqdarda ziyan dəydiyini qeyd edib:
“1993-cü ildə rayonun 23 yaşayış məntəqəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilərək dağıdılıb. Müharibə dövründə ümumilikdə Azərbaycana dəymiş 300 milyard dollar ziyan içərisində Füzuli rayonuna dəyən ziyan da var. Hazırda rayona dəyən ziyanın konkretləşdirilməsi və bunun dünya ictimaiyyətinə çatdırılması üçün işlər aparılır.
- Füzulidə müharibədən əziyyət çəkmiş insanlar üçün hansı reabilitasiya tədbirləri görülüb?
- Qarabağ müharibəsindən əziyyət çəkən rayon sakinləri dövlət tərəfindən qəbul edilən sosial layihələrin hər birindən yüksək səviyyədə faydalanıb. Rayonda yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına, Milli qəhrəmanlara dövlət tərəfindən böyük imtiyazlar verilib. Ötən illər ərzində bir neçə nəfər Qarabağ əlilli və müharibə veteranı müxtəlif sağlamlıq mərkəzlərində pulsuz müalicə və müayinə edilib, həmçinin şəhid ailələrinə, Milli qəhrəmanların ailələrinə sosial və maddi yardımlar edilib.
- Rayonunuzda müharibədən əziyyət çəkən uşaqların həyata olan baxışı hansı istiqamətdə dəyişib?
- Biz bu istiqamətdə bağçada, məktəbdə və digər təlim və tədris mərkəzlərində böyük təbliğat işləri aparırıq. Çünki bizim gənc nəsil də Azərbaycanın 1990-cı illərdə yaşadığı ağrı və acıları daha dərindən bilməlidir. Bu təbliğat həmçinin paralel olaraq aparılmalıdır. Bir tərəfdən tədris mərkəzlərində tarixi həqiqətlər təbliğ edilməli, digər tərəfdən də iqtisadi və sosial yöndə yeni layihələr həyata keçirməli və bu sahələrdə daha da inkişaf etməliyik.
- Qarabağ müharibəsindən sonra Füzuli rayonunda nə kimi bərpa işləri həyata keçirilib və bu istiqamətdə daha hansı işlərin görülməsi nəzərdə tutulub?
- Füzuli rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra 1994-cü ilin yanvar ayının 5-dən 6-na keçən gecə rayonun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin Ali Baş Komandanlığı dövründə işğaldan azad olunub. Müharibədən sonra rayonda bir neçə istiqamətdə infrastruktur layihələri həyata keçirilib. Bu istiqamətdə rayonda yeni bağçalar, məktəblər, ictimai obyektlər, yollar tikilərək vətəndaşların istifadəsinə verilib. Hazırda rayonda işsizliyin aradan qaldırılması üçün 200 nəfərlik tikiş fabriki tikilir və bu fabrik iyun ayında istifadəyə veriləcək. Nəzərdə tutulub ki, bu fabrikdə iki növbə ilə 400 nəfər işlə təmin edilsin. Həmçinin rayonda Bayraq Meydanı tikilir və bu meydanın açılışı ilə bərabər 12 nəfər orada işlə təmin olunacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq bağçası tikilərək istifadəyə verilib. İçməli su infrastrukturu lazımi səviyyədə təşkil edilib, rayon ərazisində olan avtomobil yollarının tikintisi yaxın vaxtda yekunlaşacaq, həmçinin 2014-cü ilin may ayına qədər rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin olunacaq.