Sosial (24-02-2014, 17:46)
Bərdənin icra başçısı hesabat verdi
2013-cü ildə Bərdə rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
“Mediatv.az”-a daxil olan məlumata görə, yığıncaqda çıxış edən icra başçısı Vidadi İsayev qeyd edib ki, il ərzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası sahəsində rayon mərkəzinin və kəndlərin müfəssəl plan əsasında yenidən qurulması işi davam etdirilib.
Sosial-iqtisadi göstəriciləri diqqətə çatdıran icra başçısı vurğulayıb ki, 2013-cü ildə rayonda 329,3 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 127,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 112,1 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülüb.Nəqliyyat sektorunda 5,7 milyon manat, informasiya və rabitə sektorunda 0,9 milyon manat, ticarət xidmətlərində 72,4 milyon manat məbləğində məhsul buraxılışı olub.
Hesabat dövründə rayonun iqtisadiyyatının inkişafı üçün əsas fondlara 9,7 milyon manat və ya 2012-ci ildəkindən 2,6 dəfə çox investisiya yönəldilib.
Rayon büdcəsinin yerli gəlirləri 2013-cü ildə vergilərdən daxil olmalar üzrə 103,6 faiz yerinə yetirilib. 2012-ci ilə nisbətən büdcənin yerli gəlirləri 12,8 faiz, xərcləri isə 3,3 faiz artıb. 2013-cü ildə tələb olunan bütün xərclər tam icra edilib.
28 yeni obyekt tikilib, 48 obyekt yenidən qurulub, 23 obyektdə gecə işıqlandırlıması və 18 müasir reklam quraşdırılıb.
Qeyd olunub ki, 2013-cü ildə 3428 yeni iş yerləri açılıb ki, bunun da 1333-ü daimidir. İl ərzində rayonun yaşıllaşdırılmasına xüsusi diqqət yetirilib.Belə ki, 7386 ədəd ağac və 350 ədəd gül kolu əkilib.
Məruzə ətrafında rayon Prokuroru Rəhim Əliyev, sahibkar Vahid Rzayev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov, Milli Məclisin deputları Gövhər Baxşəliyeva və Zahid Oruc çıxış ediblər.