Sosial (20-02-2014, 16:36)
“Oğlum polis rəisidir, sadə həyat tərzi sürür”
“Azərbaycanda bəzi məmur övladlarının harınlamasının əsas günahı həmin məmurların özündədir. Hər kəs özünə cavabdeh olmalıdır”.
Bunu Publika.Az-a açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
Özünün də övladları olduğunu xatırladan B.Səfərov deyib: “Mənim də övladlarım var. Bir oğlum polis bölməsinin rəisidir. Hazırda 4 övladım, 8 nəvəm var. Mənim övladlarım da xalqıma xidmət edir, sadə həyat tərzi sürürlər. Əgər möhtərəm prezidentimiz deyirsə ki, mən xalqımın xidmətçisiyəm, o zaman digər şəxslər də bundan nümunə götürməlidir. Hər bir məmur elə xidmət etməlidir ki, prezidentin tapşırıqlarına zidd olmasın. Bütün məmurlar prezidentin fəaliyyətindən ibrət götürməlidir. Əgər bizə bu etimad göstərilibsə, biz də xalqımıza xidmət etməliyik və cənab prezidentə dəstək olmalıyıq”.
İcma rəhbəri həmçinin ən böyük arzusunu da dilə gətirib: “Ən böyük arzum Şuşaya qayıtmaq, orada yaşamaqdır. Hətta, buna görə vəzifəmdən keçməyə hazıram. Vəzifəm olsa da, olmasa da mən xalqım üçün xidmət edirəm. Məni vəzifəyə təyin edən cənab prezidentdir. Nə vaxt məsləhət görməsə çıxaracaq”.