Sosial / Slayd (2-07-2014, 21:38)
Təhsil Nazirliyində müavinlik davası
Təhsil Nazirliyində yeni bir qovğa baş qaldırıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, nazir Mikayıl Cabbarovun özünə yeni müavinlər təyin etməsi üçün bəzi hazırlıqlara başlaması qurumda təmsil olunan bir çoxlarını hərəkətə gətirib.
Verilən məlumatda vurğulanır ki, nazir müavini postu uğrunda mübarizəyə bir neçə nəfər qoşulsa da, sonradan onların sayı azalaraq ikiyə düşüb. JAM.AZ-a verilən məlumatda deyilir ki, əsas namizədlərdən biri Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyevadır.
Qeyd edilir ki, M.Hacıyeva keçmiş nazir Misir Mərdanovun ən yaxın adamlarından biri hesab olunur. Və nazirlikdə heç də kiçik təsir imkanlarına malik deyil. Onun əsasən uşaq evləri və bu qəbildən olan sahələrə nəzarət etməsi isə tam ayrı bir mövzudur. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Məlahət Hacıyevanın adı, həm də bu yaxınlarda kimsəsiz uşağın döyülməsi məsələsində hallanan məktəb direktorunun ən yaxın adamı olmasında da çəkilib.
Belə ki, idarə rəisi dəstəyiylə həmin internat məktəbə direktor təyin edilən və bu yaxınlarda işdən çıxarıldığı barədə məlumat yayılan Afaq adlı xanımın əsas himayəçisi rolunda çıxış edir. Amma son olaydan sonra yaxasını bir qədər kənara çəkib.
Nazir müavini olmaq istəyən bir başqa şəxs isə nazirin müşavirlərindən biridir. JAM.AZ-a məlumat verən mənbə həmin müşavirin adını çəkməsə də, onun kifayət qədər nüfuzlu biri olduğunu vurğulayıb. Qeyd edib ki, proseslərin gedişatı fonunda postun sahibinin kim olacağını müəyyənləşdirmək mümkün olacaq.