Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-12-2016, 17:16)
Səməd Seyidovun “tükənmişliyi”...

Səməd Seyidovun “tükənmişliyi”...

 

...və ya rektor olarkən korrupsiya faktları rəsmən təsdiqlənmiş deputat indi necə “israfçılıq düşməni” oldu?

 

Mediatv.az:   Bu günlərdə, daha da dəqiqləşdirsək, dekabrın 2-də Milli Məclisin (MM) komitələrinin gələn ilin büdcə zərfi ilə bağlı birgə iclasında xaricdəki səfirlik və konsulluqların dövlət vəsaitlərinin səmərəli istifadə etməsinin zəruriliyi vurğulanıb. Bir az da dəqiqi desək, MM-in Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov bildirib ki, gələn ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitdə azalma yoxdur: “Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanması ilə əlaqədar maliyyə ötən illə müqayisədə artırılıb. Lakin bu gün daha çox keyfiyyət, səmərəli iş, nəticə özünü göstərməlidir...”

İlk baxışda cənab Seyidovun dediklərində nəinki qəribə heç nə yoxdur, onun söylədikləri hətta təqdirə layiqdir. Amma...

Seyidov hansı səmərəliliikdən danışır?...

Məsələ burasındadır ki, adıçəkilən deputatın özü universitet rektoru olarkən dövlət vəsaitlərini necə talan etdiyi hətta rəsmi şəkildə öz təsdiqini tapıb. Unudanlar üçün kiçik bir xatırlatma: 2012-ci ilin sentyabrında Hesablama Palatasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən təhsil bölməsi üzrə Azərbaycan Dillər Universitetinə (ADU) ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditinin nəticələri açıqlanmışdı, məlum olmuşdu ki, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulub.

Həmin vaxt bunu nəzərə alaraq Hesablama Palatasının kollegiyası tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədilə ADU-ya müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi, Hesablama Palatasının daxili nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq Milli Məclisə məlumat verilməsi qərara alınmışdı.

O zaman ADU-nin rektoru kim idi? Səməd Seyidov!

İstər-istəməz sual yaranır: bir neçə il əvvəl rəhbəri olduğu ali təhsil müəssisəsində külli miqdarda yeyintinin aşkarlandığı bir şəxsin bu gün Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının fəaliyyəti ilə bağlı “şəffaflıq və səmərəlilik” tələb etməsi acı gülüş doğurur. Cənab Seyidov olmazdımı ki, eyni şəffaflıq və səmərəlilik prinsipini rektor vəzifəsini yerinə yetirdiyi universitetdə tətbiq edəydi? Vaxtilə bunu etməyən adamın indi xarici ölkələrdəki səfirliklərimizin fəaliyyətinə ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə və faydalı şəkildə xərclənməsini dolayısı ilə şübhə altına alması hansı məntiqəuyğundur?!

Biz hələ onu demirik ki, bu il iyunun 1-dən Maliyyə Nazirliyi sözügedən universitetdə yoxlamalara başlayıb və aradan altı aydan artıq vaxt keçməsinə baxmayaraq, sözügedən təftiş başa çatmayıb. Heç şübhəsiz bunda vaxtıilə ADU-nin korrupsiya bataqlığına çevrilməsi əsas rollardan birini oynayır.Ölkənin ən qocaman ali təhsil ocaqlarından birinin həmin vəziyyətə düşməsi Səməd Seyidovun cəmi bir il öncəyədək davam etdirdiyi rektorluq fəaliyyətinin qaçılmaz sonuclarından biridir. 

İsrafçılıq yaxşıdır, ancaq...

Gələn ilin büdcəsində səfirliklərə ayrılan vəsaitlə bağlı qənaətcillik istəyən Səməd Seyidova başqa bir sualımız da var: əksəriyyətə məlumdur ki, onun rektorluq etdiyi dövrdə hər bir tələbənin illik 2500 manatlıq təhsil haqqının  500 manatı Beynəlxalq Bankın hesabına köçürülür, 1800 manat digər banlklarda dövr elətdirilir, 200 manat isə “zasluqalarına” görə mühasibatlığa peşkəş edilir və bütün bu sadalananların nəticəsində xeyli haqsız, kirli qazanc əldə olunur, ən əsası isə toplanan pullar gərəksiz layihələrə yönəldilərək israf edilir, sözün həqiqi mənasında havaya sovrulurdu.

Məsələn, Səməd Seyidov ADU-nin rektoru olarkən ildə bir dəfə plov festivalı təşkil edirdi. Bu məqsədlə də yetərincə vəsait xərclənirdi. Universitetin təyinatına uyğun gəlməyən bu cür tədbirlər üçün kifayət qədər “səxavətli” davranan Səməd Seyidovun bu gün durub qənaətcillik barədə fikirlər səsləndirməsi absurdun pik nöqtəsidir.

ADU ilə bağlı daha nələr məlumdur?     

ADU-yə rektorluğu dövründə Səməd Seyidovun fəaliyyəti ilə bağlı korrupsiya və digər ciddi nöqsanlarla bağlı ittihamların nə sayı var, nə hesabı.İxtisasları və peşəkarlıgı uyğun gəlməyən bəzi insanlar prosedur qaydalar pozulmaqla kafedra müdiri və digər başqa vəzifələrə təyin olunurdular. Məsələn, bu ali məktəbdə “Neft və qaz yataqlarının geologiyası və axtarışı” ixtisası üzrə ali təhsili və ya  “VVAQ” müdiri olan şəxslərin kafedra müdiri təyin edildiyi barədə bilməyən yoxdur. İddialara görə, universitetin müəllimlərinin 70 faizi 0,5 ştat vahidində çalışırlar, halbuki keçmiş rektorun rektorluğunun son bir ilində 200 yeni işçi götürülüb.

Seyidovun ADU rəhbəri olduğu dövrdə universitetdə dekan və kafedra müdiri vəzifələrinin tutulması zamanı Təhsil Nazirinin 09.03.2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması” Qaydalarının 1.6-cı maddəsinin “Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlərmüddəaları və Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”nın ödənişə ixtisas tələbləri bölməsində qeyd olunan vəzifələrin tutulması üçün “Elmi dərəcəsi və elmi adı” olan müddəaları kobud surətdə pozulub. Niyə, nə məqsədlə? – yəqin ki, bu sualların cavablarını təxmin etmək heç kimə çətin deyil.

Hələ biz bu universitetdə milyonlarla manatın yeyinti predmetinə çevrilməsi barədə məlumatları demirik.

Belədə ortaya bir daha eyni sual çıxır: rektorlu fəaliyyəti dövründə ölkənin ən əhəmiyyətli və zəngin ənənələrə malik bir ali təhsil müəssisəni sözün həqiqi mənasında diz çökdürən, onun adının KİV-də korrupsiya, qanunsuz tələbə köçürmələri, qeyri-peşəkarların hansısa maraqlar naminə vəzifələrə gətirilməsi  kimi qanunsuzluqlarla assosiasiya olunmasına “yaşıl işıq” yandıran cənab Seyidovun bu gün durub başqalarına büdcə vəsaitləri ilə şəffaf, səmərəli şəkildə davranmaq barədə öyüd-nəsihətlər verməsinə hansı haqqı çatır? Olmazdımı, başqalarına belə öyüd-nəsihətlər verən deputat eyni dəyərləri elə rektoru olduğu vaxtda ADDU-da tətbiq edəydi?

Əlbəttə, olardı. Amma tətbiq edilmədi, bunun məsuliyyəti də heç şübhəsiz, Səməd müəllimin üzərindədir.

Seyidov gözdən düşür...

Biz hələ Səməd müəllimin uzun müddətdir Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri kimi yarıtmaz fəaliyyətindən  danışmırıq. Xüsusilə son illərdə Seyidovun artıq bu vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyi birmənalıdır. Əgər belə olmasaydı, AŞPA Azərbaycan hökumətinə bir çox məsələlərdə radikal mövqedə dayanmazdı. AŞPA-dakı uğursuz fəaliyyətini oradakı erməni lobbisinin ayağına yazaraq, “sudan quru çıxarmağa çalışan” cənab Seyidov artıq belə fəndlərin işləmədiyini, hökumətin ona əvvəlki etimadını itirdiyini hamımızdan yaxşı bilir.

Son vaxtlar AŞPA-dakı nümayəndə heyətimizin rəhbərinin ölkə rəhbərliyinin gözündən tamamilə düşdüyü və onun əvəzlənməsi zərurətinin hökumət kulislərində aydın ifadə edildiyi yönündə intensivləşən iddialar da belə deməyə əsas verir ki, artıq Səməd Seyidov “tükənmişlik” sindromundan əziyyət çəkir, Azərbaycanı Avropanın nüfuzlu strukturlarından birində ölkəmizə qarşı yönəlmiş fəaliyyətlərdən  qorumaq iqtidarında deyil.

belə görünür, o özü də bunu yaxşı bildiyindən, ortada dərs çıxarmalı olduğu məsələlər varkən diplomatik korpusu üstüörtülü şəkildə hədəfə çıxarmaqla yenidən özünü şirin göstərməyə çalışır. Onun buna nail olmayacağı isə artıq birmənalı şübhə doğurmur. Odur ki, cənab Seyidov başqalarında eyib, qüsur axtarmazdan, onlara hansısa mövzularda qulağa xoş gələn öyüd-nəsihətlər verməzdən əvvəl öz işindən danışsın. Danışsın görək, başqalarına məsləhət gördüyü məsələlərə niyə vaxtilə və indi özü riayət eləmir?!

 

Vasif

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024