Sosial / Slayd (29-11-2016, 13:08)
“İmamzadə olayı”ndan yeni xəbər var: Elmar Vəliyev “gestapo” rejimi yaradıb
Hacı Tahir Abbasov- Elmar Vəliyev qovğasının tarixi və səbəbləri haqqında...
Mediatv.az: Noyabrın 11-də-baş verən “İmamzadə olayı” nəinki Gəncədə, ölkə ictimaiyyatında şok effekti yaratdı. Uzun illərdən bəri Elmar Vəliyevin Gəncə ruhanisi, İmamzadə mütəvəllisi, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasova qarşı patoloji nifrəti açıq müstəviyə keçdi.
Belə ki, yayılan xəbərlərə görə Elmar Vəliyev “Aşura” tədbirində ölkə prezidentinə dualar edən Hacı Tahir Abbasovu aktivlərin iclasında “bütpərəst” adlandıraraq, şəxsiyyətini və dini inancını təhqir edib. İcra başçısının Şeyxin nümayəndəsinə qarşı hücumu bununla da yekunlaşmayıb. Qəzəbli icra başçısının polis rəisinə diqtəsi ilə “İmamzadə”də çalışan Elbrus Məmmədov və İlham Abbasov Gəncə Baş Polis idarəsinə aparılaraq qondarma xuliqanlıq maddəsi ilə həbs olunublar. Nəticədə, ertəsi gün İlham Abbasov sərbəst buraxılsa da, Elbrus Məmmədova əsassız 15 gün həbs qərarı verilib. Xoşbəxtlikdən iki gün saxlanılaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cərimələndikdən sonra sərbəst buraxılıb.
Bu istiqamətdə xeberinfo.com-a yeni məlumat daxil olub. Məlumata görə həqiqət heç də bəzi media orqanlarının yazdığı kimi deyil. Məlumatda Hacı Tahir Abbasov- Elmar Vəliyev qovğasının yaranma tarixi və səbəblərindən bəhs olunur... Cənab prezidentin dinə qayğısı Gəncədəki “İmamzadə”dən də yan keçməyib. “İmamzadə”yə təmir və digər məqsədlə son beş ildə üst-üstə 26 milyon dövlət vəsaiti ayrılıb. Göründüyü kimi, bu heç də xırda məbləğ deyil. Vəsaitin xərclənməsinə nəzarəti isə Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirib. Əldə etdiyimiz məlumatllarda bu vəsaitin qaranlıq taleyinə aydınlıq gətirilir... 26 milyonun hansı tarixlərdə, hansı məqsədlərlə ayrılmasını və hara “buxarlanmasını” qarşıdakı günlərdə gərəkən araşdırmalardan sonra yazacağıq.
Bu arada isə demokratik-az saytının Hacı Tahir Abbasov- Elmar Vəliyev olayı ilə bağlı araşdırmarı da diqqətçəkicidir. Saytda yer almış “Gəncədə həyəcan! Elmar Vəliyev "İmamzadəni "işğal" edib” sərlövhəli yazıda bir sıra mübahisəli məqamlara aydınlıq gətirilir: “İmamzadə” olayında Elmar Vəliyev öz səlahiyyət həddini aşaraq İmamzadənin girişini də nəzarət altına alıb. Belə ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin səlahiyyətlərini heçə sayaraq qərb regionu üzrə nümayəndəsi Hacı Tahir Abbasovun “İmamzadə” ziyarətgahına girişini məhdudlaşdırıb. Demokratik.Az-ın araşdırmasına görə, Elmar Vəliyevin əməlləri din və dövlət anlayışının əleyhinədir. Məlumata görə, icra başçısı son həftələr ərzində şəhərin ciddi işlərini kənara atıb, Şeyxulislam Hacı Allahşükür Paşazadənin səlahiyyətlərini ”əlinə” alıb. Vəliyev “ağlını” elə itirib ki, “İmamzadə”nin idarə olunmasını Namiq Allahverdiyev adlı kommunal işçisinə tapşırıb. Demokratik.Az-a danışan mənbənin dediyinə görə, mühafizəçi qismində “İmamzadə”ni əsassız işğala məruz qoyan Namiq icra başçısının qohumudur. Qardaşı Şahin isə başçının şəhərdəki yaxın dostlarındandır. Hətta vaxtilə Vəliyev Gəncə Texnologiya Universitetində təhsil aldığı illərdə məhz Allahverdiyevlərin evində qalıb. Hazırda ziyarətgahda “gestapo” rejimi hökm sürür. Ziyarətə gələnlər Namiqin icazəsi olmadan İmamzadəyə buraxılmır. Gəncədə rəsmi fəaliyyət göstərən xüsusi mühafizə xidmətləri olduğu halda, Elmar Vəliyevin sıradan birisinin ziyarətgaha niyə mühafizəçi təyin etməsi də suallar doğurub. İnandırıcı səslənməsə də şəhərin polis idarəsinin rəisi Faiq Şabanov da Namiq Allahverdiyev qarşısında “aciz” qalıb. Hətta, istənilən anda bu şəxsin polis rəisinə zəngi və tapşırıqları dərhal icra olunmaqdadır. Məlumata əsasən, Namiq Hacı Tahiri və ziyarətgahın əməkdaşlarını da polislə hədələyərək ziyarətgahın qapılarını dindarların üzünə bağlayıb. Demokratik.Az-ın məlumatına görə, şəhərdə Elmar Vəliyevin yaxınları tərəfindən məqsədli şəkildə yeni dezinformasiyalar da yayılıb. Guya Elmar Vəliyev Hacı Tahiri işindən azad edib. Görünür başçı özbaşınalıqlarını ört-basdır etmək üçün Şeyxin nümayəndəsinə qarşı belə yalanlar uydurmaqdan da çəkinmir. Ötən gün saytların yaydığı rəsmi məlumata görə, Hacı Tahir Abbasov işinin başındadır və onun bu vəzifəyə təyini vəzifədən azad edilməsi Elmar Vəliyevin səlahiyyətində olmayan məsələdir. Məlumatçün bildirək ki, Hacı Tahir Abbasov QMİ-nin (Şeyxin-O.N) Qərb regionu üzrə səlahiyyətli nümayəndəsidir və din xadiminin regiondakı fəaliyyəti təkcə Gəncə ilə yekunlaşmır, özlüyündə regionun bir neçə rayonunu əhatə edir. Onun vəzifəyə təyinatı, vəzifəsindən azad edilməsi ancaq QMİ sədri cənab A. Paşazadənin səlahiyyətindədir”.
Daha sonra isə yazıda Elmar Vəliyevin hədini aşmasına və Gəncə ruhanisini öz "qara siyahı"sına yazmasına da toxunulur:
“Elmar Vəliyev ölkədə yeganə başçılardandır ki, səlahiyyət həddlərini istədiyi kimi “aşır”. İndiyədək ictimailəşdirilən bu kimi hallarda isə məlum olur ki, əslində onun özbaşnalığı öz şəxsi maraqları ilə yanaşı, kiminsə şərəf və ləyaqətini alçaltmaqdan ibarətdir. Belə əmələ görə ölkə rəhbərliyindən bir neçə dəfə ciddi xəbərdarlıq alan başçı nədənsə qeyri-mədəni “hobbisi” ni dindarlara qarşı da işlədib. Yevlax rayonunda çalışarkən rayonun axundu İlham Əliyevə də müxtəlif bəhanələrlə zor tətbiq edib. Axund məscidin içində guya əxlaqsız hərəkətlər etməklə də gündəmə gətirilib. İndi isə Gəncədə olanlar ciddi siqnaldır. Hacı Tahir Abbasov: ”Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "AŞURA" günündə İmamzadədə prezidentin ünvanına dediyim xoş sözlərdən sonra mənə bütpərəst dedi, məni hədəf götürdü..." Xatırlatmaq lazımdır ki, əslində Elmar Vəliyev gəlişindən bu yana Gəncə ruhanisini də öz "qara siyahı"sına yazıb. Hətta bu hadisə hələ 2013-cü ildə "20 yanvar tədbiri"ndə yaşananların təkrarıdır demək olar. Elə həmin tədbirdə də Elmar Vəliyev Hacı Tahirə və Gəncənin mərhum polis rəisi Rasim Musayevə qarşı təhqiramiz ifadələr işlətmişdi və olay böyümüşdü. Nəticədə İcra Hakimiyyətinin binası Elmar Vəliyevlə general arasında əlbəyaxa davaya şahidlik etmişdi. Yəni başçı və ruhani arasında alovlanan münaqişə illərdən bəri müşahidə olunandır. Amma bu dəfə olayın məğzi bir din xadiminin imam Hüseyinə və prezidentə etdiyi dualarına görə məmur tərəfindən ”bütpərəst” adlandırılmasıdır. Müsəlman dini etiqadına görə, bir möminin ”bütpərəst” çağırılması dini inancına ünvanlanan ən ağır təhqirdir. Elmar Vəliyev də məhz bunu edib. Amma ortada maraqlı bir sual da var ki, o sualın cavabı Elmar Vəliyevdədir. Görəsən, icra başçısının bütpərəst ifadəsindəki “büt” hansı ünvandır?
Mövzu diqqətimizdədir.
Xeberinfo.com