Sosial / Slayd (8-11-2016, 15:08)
Samuxun icra başçısı Alı Qocayev yenidən "aktivləşir"
Alı Qocayevin bu fəallığı ilk növbədə onun özü üçün yeni obyektlərin tikintisinə start verməsində təzahür edir
Mediatv.az: Redaksiyamıza daxil olan məlumatlarda yenidən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin fəaliyyətindən doğan narazılıqlar yenidən yer almağa başlayıb. Xatırlayırsınızsa bir müddət əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda biz Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara diqqət yönəltmişdik. Elə həmin materiallarda da qeyd olunmuşdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. Məsələn, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Samux rayonu Qiyaslı kənd orta məktəbinin pedaqoji heyətinin və kənd ziyalılarının kəskin etirazlarına dair materiallar dərc olunmuşdu. Bu etirazlar isə, Alı Qocayevin sözügedən məktəbə Günay Rzayevanı direktor təyin etməsinə qarşı yönəlmişdi. Açıqlamalarda bildirilirdi ki, məktəbin ağsaqqal müəllimləri və kənd əhalisi G.Rzayevanın bu təyinatını uzun illər Qiyaslı kənd orta məktəbində əmək sərf etmiş müəllimlərə hörmətsizlik kimi qiymətləndirirlər. İcra başçısı isə, ictimai rəyə son dərəcə etinasız münasibət nümayiş etdirərək, ehtirasların daha da qızışmasına yol açmışdı.
Bundan bir qədər sonra isə, Alı Qocayevin Samux RİH-nin başçısı vəzifəsində göstərdiyi qeyri-qənaətbəxş fəaliyyətinə dair redaksiyamıza yeni məlumatlar daxil oldu. Həmin məlumatlarda rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları barədə rayon sakinlərinin şikayətləri öz əksini tapmışdı. Şikayətçilər xüsusilə qeyd edirdilər ki, Alı Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar.
Lakin bu açıqlamaları aldığımız vaxtdan sonra keçən müəyyən bir dövr ərzində Samuxdan aldığımız şikayətlər bir qədər səngiməyə başladı. Bir çox mənbələrin yekdil rəyinə görə, buna səbəb həmin dövrdə ölkə mətbuatında dərc olunan məlumatlarda Alı Qocayevin adının məlum Elşad Abdullayev qalmaqalı ilə bağlı hallandırılması olmuşdu. İddia olunur ki, Samuxun icra başçısı "ara sakitləşənə” qədər gözləmə taktikasına əməl etmək qərarına gəlib. Son aldığımız məlumatlarda isə, Alı Qocayevin artıq yenidən "aktivləşdiyi” və bu fəallığın da ilk növbədə icra başçısının özü üçün yeni obyektlərin tikintisinə start verməsində təzahür etdiyi vurğulanır. Bunun təsdiqi olaraq, mənbə Gəncə şəhərində inşa olunan "Zülfiyyə” şadlıq sarayının tikintisini diqqət mərkəzinə çəkir. Bu məqamı da qeyd edək ki, aldığımız açıqlamaların birində Alı Qocayevin yaxın ətrafında olan şəxslərdən də birinin barəsində məlumat verilir. Məlumatda deyilir: "Alı Qocayev Samuxa başçı gələndə, özü ilə Bakıdan Fazil adlı bir nəfər də gətirmişdi. Bu şəxs başçının qohumu (gəlininin qardaşı) olmaqla, Binəqədi rayonunda işlədiyi müddətdə qeyri-qanuni tikintilərə nəzarəti həyata keçirirdi. Lakin görünür Samuxun havası Fazilə "düşmədi”. Buna görə də başçı onu bu yaxınlarda yenidən Bakıya, rayonlardan birinin mənzil-kommunal təsərrüfatı birliyinə rəis göndərib...”
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz göstərmişik ki, bu gün respublikamızın demək olar ki, bütün rayonlarında, şəhər, qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması yerli sakinlərin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Digər tərəfdən isə, hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurlara kifayət qədər tez-tez rast gəlirik. Bu deyilənlərin təsdiqini tapmaq üçün isə, Samux rayonunda cərəyan edən prosesləri müşahidə etmək kifayət edir.
Rublika.az