Sosial / Slayd (28-09-2016, 12:48)
"Qorxmaz Hüseynova dəfələrlə müraciət etməyimizə baxmayaraq..." - "Azərsu"dan daha bir şikayət
Abşeron rayonunun Məmmədli kənd bələdiyyəsinin Yeni Yaşayış massivində yaşayan Eldar Murad oğlu Qasımov və Gözəl Musa qızı Həsənova dövlət başçısına müraciət ediblər.
Mediatv.az: Müraciət müəllifləri bildirirlər ki, su problemi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə üz tutsalar da, müsbət nəticə əldə edə bilməyiblər. Bu səbəbdən də ümidləri dövlət başçısına qalıb.
Şikayətçilər qeyd edirlər ki, müvafiq qurumlar onların çoxsaylı müraciətlərinə cavab vermir: "Bunun məsuliyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin və bu məsələdə bilavasitə məsul olan Sabunçu Rayon Su-Kanal İdarəsi rəhbərliyinin üzərinə düşür. Bizim yaşayış massivində dərəbəylikdir. Sabunçudakı müvafiq idarə dövlətin suyunu "hərraca" çıxarıb. Kimin pulu yoxdursa, evinə su çəkdirə bilməz".
Sakinlər bildirir ki, həmin ərazidə Kərbəla faciəsindəki vəziyyət hökm sürür: "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir reaksiya yoxdur, bu səbəbdən də bizim tələblərə aidiyyatı məmurlar da məhəl qoymurlar. Çox faciəli haldır ki, bilmirik baş idarənin, yoxsa tabeli müəssisənin əli ilə pulla su çəkirlər. İndi bizim pulumuz yoxdur deyə, evimizə su çəkdirməməliyik?
Cənab Prezident! Çox təəssüf ki, yerlərdəki məmurlar Sizin tapşırıqlarınızın əleyhinə gedərək bizi incidir. Bu cür məmur ordusu ilə ölkədə ciddi inkişafa nail olmaq mümkün deyil".
Şikyətçilər sonda dövlət başçısından xahiş ediblər ki, onların bu probleminin həllində müvafiq qurumlara bir daha öz tapşırıqlarını versin: "Eyni zamanda, ümid edirik ki, bizi su üzünə həsrət qoyan məmurlarla bağlı ölçü götürəcəksiniz".
Reyting.az