Sosial / Slayd (3-05-2014, 11:27)
“Biz Nuşirəvan Məhərrəmova (!) xidmətçimiz kimi baxırıq”
Bu gün ölkə mətbuatının gündəmində yer alan əsas xəbərlərdən biri məhz ANS-lə bağlıdır. Xəbər bundan ibarətdir ki, ANS ÇM radiosu bir müddətdir efirə “Qafqaz top onluğu” daxilində erməni mahnısı verib. Bu da elə suallar yaradıb ki, indi həmin suallara ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev cavab verəcək. - ANS ətrafında ajiotajın səbəbi nədir? - Səbəb çox sadədir. Patriotlar canlanıblar. Son zamanlar Azərbaycanda bəzi kütləvi-informasiya vasitələrində, sayt və portallarda ANS-ə münasibətdə Roma Papasından artıq katolik olmaq həvəsi özünü büruzə verməkdədir. Ən qəribəsi də burasıdır ki, bu qüvvələr ANS-in məhz ana xəttini - vətənpərvərlik ruhunu şübhə altına almağa yönəlik mövqe sərgiləyirlər. Məsələn, dünənədək nurçuların ruporu olan informasiya vasitəsi bu gün xütbəsini baş məqaləyə dəyişir və ANS-ə ittihamlar yağdırmağa cəsarət edir. ANS-ə - məhz o şirkətə ki, onun yaradıcıları bütün müharibəni birinci gündən sonuncu günədək çiyinlərində kamera və avtomatla keçiblər, bütün dünya məhz ANS-in operatorlarının çəkdiyi kadrlar vasitəsilə Azərbaycanın təcavüzə məruz qaldığının şahidi olub, məhz ANS-in əməkdaşlarının zəhməti sayəsində Qarabağ həqiqətlərindən xəbər tutub. ANS-çilər yaralanıblar, itkilər veriblər. ANS-i bu gün öz aləmlərində guya ittiham etdiklərini düşünənlər elə ANS-in cəbhədən verdiyi qaynar reportajlar altında böyüyüblər. - Mirşahin müəllim, bəs söhbət nədən gedir və üzdəniraq həmkarlarımızı qıcıqlandıran səbəb nədir? - Azərbaycanın birinci FM stansiyası, özü də Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyada iki aya yaxındır ki, Qafqaz musiqisindən ibarət hit-parad efirə gedir. Təbii ki, burada hər bir Qafqaz xalqı kimi ermənilərin də təmsilçisi iştirak edir, onun da ifasında mahnı səslənir. Həmişə öndə getməsi ilə seçilən ANS bu dəfə də qabaqlayıb, Dağlıq Qarabağ əhalisini məhz Azərbaycan vətəndaşları saydığından onların nümayəndəsinin ifasını hit-parada daxil edib. Bu adicə bir radio-layihədir və onu yaradanlar heç bir siyasi məqsəd güdmürlər. Əksinə, Azərbaycanın özəl radiostansiyası erməni mahnısını səsləndirəndə Ermənistanın uzun müddətdir ki, dünyaya Azərbaycanı vəhşi, ermənifob, qəddar bir millət kimi tanıtmaq siyasətini ifşa edir. - Bəs ANS-in məqsədi nədir? - ANS ÇM bu addımı ilə bizi sivil, mədəni, hətta düşməni belə mədəniyyətdən ayırmağı bacaran bir millət kimi dünyaya çıxarır. Bu günlərdə qaçqın Azərbaycan ailəsinə sığınacaq verdiyini dünyaya hayqıran,bar-bar bağıran, eləcə də İqtisadi İnkişaf nazirimiz haqqında pozitiv film çəkən ermənilər özlərini əslində məxsus olmadıqları humanist qiyafədə təqdim edirsə, biz niyə irsi alicənablığımızı nümayiş etdirməyək? Azərbaycan radiosu dünya dinləyicisi üçün hər gün saat 13-dən 14-dək erməni dilində verilişlər hazırlayır, onların musiqisini səsləndirir, Azərbaycanın SBS kanalı hər gün saat 16-dan 17-yə qədər erməni dilində proqramlar hazırlayır, Azərbaycanda ermənidilli sayt var və işləyir. “Armenia.az” və sair... və sair... Bu baxımdan ANS ÇM də dövlətin apardığı ideoloji siyasətdə yaxından iştirak edir. MTRŞ-nin sədrinin verdiyi açıqlamanı isə adekvat hesab etmirəm. Ona görə ki, onun dediyi kimi, ANS heç kimin heysiyyatına toxunmur, adi radio layihələrindən birini təqdim edir. - Mirşahin müəllim, bu layihə də təxminən iki aydır efirdədir. Amma niyə məhz indi bu məsələ xüsusi olaraq qabardılır? Nə baş verib? - Bu, mənim özümə də maraqlıdır. Amma hər halda Milli Televiziya və Radio Şurasının münasibətindən təxminən bəzi şeylər anlayıram. Eyni zamanda da anlamıram. Anladığım odur ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir. Yeri gəlmişkən, Prezidentin ayırdığı vəsaiti almağımıza da süni əngəllər yaradılır. Olsun. Milli Televiziya Şurası hakimiyyətə yaxın dairələrdə bizim təmsilçimiz ola bilmirsə, bu bizim günahımız deyil. Biz Milli Televiziya Şurasına rəisimiz, müdirimiz kimi baxmırıq. Əksinə, xidmətçimiz kimi baxmaq istəyirik. Prezidentin təbirincə desək, xalqın xidmətçisitək. Milli Televiziya və Radio Şurasını da məhkəməyə ona görə vermişik ki, ANS-lə bağlı verdiyi qərarlarla razı deyilik. Sivil ölkədə yaşayırıq, mübahisələri də qanun müstəvisində həll edəcəyik. Şura isə öz səlahiyyətlərindən sui-istifadə edərək əslində məhkəməyə təzyiq göstərir. Şəxsən mən Nuşirəvan müəllimin yerində olsaydım, bu günlər hətta ANS-lə bağlı əvvəlcədən planlaşdırılan tədbirləri təxirə salardım. Ən azı ona görə ki, ortada məhkəmə məsələsi var və Nuşirəvan Məhərrəmovun bəyanatları, fikirləri də ilk növbədə tutduğu postun mövqeyi kimi qəbul olunur. Hakimlərin də hamısı bir deyil. Onlar bəzən sözlərə qulaq asırlar. Hətta qorxularından. Amma biz hər şeyi düz etdiyimizə əminik. Məhkəməyə inanırıq və əminik ki, ANS-in hüquqları qanun çərçivəsində qorunacaq. Müşahidələrimə əsasən deyə bilərəm ki, ANS barədə neqativ rəy yaratmağa çalışan saytlar, kütləvi informasiya vasitələri MTRŞ-ya yaxın olan, ya da onun təsiri altında olanlardır. Biz 25 ildir informasiyanın işindəyik və kimin hansı yuvanın quşu olduğunu çox gözəl bilirik. Xahiş edirik, hər kəs öz işi ilə məşğul olsun. Bu, sizin bildiyiniz və girə biləcəyiniz kol deyil. Maraqlı həm də burasıdır ki, biz gözləyirdik ki, ermənilər etiraz edəcək, hit-paradda onların təmsilçisinə yer verməyimizi süngüdə qarşılacayaqlar. Amma əksi baş verir. Baxmayaraq ki, “Avroviziya” mahnı müsabiqəsində artıq Azərbaycan neçənci dəfədir ki, iştirak edir və bu müsabiqədə onun rəqibləri arasında Ermənistan təmsilçiləri də olur. Bəlkə yaddan çıxarmışıq: “Avroviziya” Bakıda keçirilərkən ermənilərin bu yarışa qatılmamasına necə əsəbiləşirdik. Bakıda çıxış etməyin təhlükəli olduğunu, ermənifobiyanın mövcudluğunu söyləyənləri təkzib edirdik ki, yalan danışırlar, qələt eləyirlər, başlarını daşa döyürlər. Azərbaycan mədəniyyətdə düşmən axtarmır, buyurub gəlsinlər - deyirdik. Ermənistanda keçirilən “Qızıl Ərik” kinofestivalına "Bakıfilm"in “Xoca” filminin iştirakına yol verilmədiyi üçün erməniləri asıb kəsmirdik? Bizdən nümunə götürməyə çağırırdıq. İndi nə oldu birdən? Təkrar edirəm, Qafqaz musiqisi hit-paradı iki aya yaxındır ki, başlayıb, amma ağzıgöycəklər bu mövzunu məhz indi qabardır. ANS-ə hücumların yəqin ki, alt qatı da var. Belə olmasaydı, bir az əvvəl Kəlbəcər qaçqınlarının adından sui-istifadə etməklə üzərimizə gəlməz, bu gün isə adi bir radio layihəsi ətrafında şivən salmazdılar. Deməli, bu, kimlərəsə lazımdır. Amma dəqiq bilirəm ki, heç bir halda dövlətin maraqlarına lazım deyil. ANS bu gün Sumqayıtda, Bakıda və başqa şəhərlərdə yaşayan 40 minə yaxın erməni kimi Dağlıq Qarabağda yaşayan 100 mindən çox ermənini də Azərbaycan vətəndaşı sayır və onlarla, eyni zamanda, mədəniyyət dili ilə danışmağı təklif edir. Maraqlıdır: Azərbaycanlı idmançı İrəvanda erməni güləşçisinə qalib gəlməyi şərəf sayır və Azərbaycan bayrağını qaldırdığına görə ona abidə ucaltmağı təklif edirik, əla. Amma radio hit-paradında azərbaycanlı müğənninin öz erməni həmkarına qalib gəlməsinə sevinə bilmirik. Niyə? Unutmayaq ki, Ermənistan Azərbaycanı həmişə ermənifobiyada günahlandırır. ANS ÇM-in Qafqaz musiqisi hit-paradı sırf bu məqsədə işləyir. Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Kamal Abdulla və başqalarının Qarabağa getməsi tək, bu da bir yoldur. Nə qədər çətin olsa da, biz bu yolu keçməliyik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra neyləyəcək? Öz erməni vətəndaşlarının hamısını güllələyəcək? Biz onları görəcəyik də, “JEK”də arayış verib arayış da alacağıq, bir komandaya azarkeşlik də edəcəyik, uşaqlarımız onlarla birlikdə eyni məktəbə də gedəcək. Biz bütün bunlara hazır olmalıyıq. MTRŞ-da çalışanların xəbəri olmalıdır: dünya çoxdan dəyişib. Yeni texnologiyalar var. Artıq heç kim belə işləmir. Prezidentdən nümunə götürmək lazımdır. Görün, o, neçə dəfə Ermənistan prezidenti ilə görüşür, əlindən gələni edir ki, münaqişə sülh yolu ilə, istənilən yolla həll olunsun. Ən yaxşılarımızı cəbhədə itirməyək. Ermənilərlə birgə yaşayış qaçılmazdır. Amma bütün bunlar tədricən baş verəcək, yəni birdən problem həll olunan kimi hər şey qəflətən dəyişməyəcək. Feya çubuğu yalnız nağıllarda olur. - Sonuncu sualıma vitse-prezident kimi yox, istərdim bir vətəndaş kimi, peşakar jurnalist kimi cavab verəsiniz. Həmkarlarımıza nə demək istəyərdiniz? - Azərbaycan düşmənlə müharibə aparır, mədəniyyətlərlə yox və bizə vətənpərvərliyi öyrətmək lazım deyil. Biz kimin kim, nəyin nə olduğunu yaxşı bilirik. Elə dövlətimiz də bizi başqalarından yaxşı tanıyır və bizə inanır. Bilir və inanır ki, ANS nə edirsə, düz edir. Biz ANS olaraq bütün həyatımızı bu işə həsr etmişik. Həsr etmişik ki, torpaqlarımız qayıtsın, qaçqınlarımız öz doğma yurd-yuvasına qayıtsın. Şəhidlərimizin, o cümlədən qardaşımız Çingizin şəhid olduğu yerlərə əklil qoymaq üçün. Və bunun üçün gərəkən nə lazımsa, edəcəyik. Yeri gəlmişkən, mən başqalarından fərqli olaraq həmin günü özüm görmək istəyirəm. Görünür, Azərbaycanda elə adamlar var ki, sülh və müharibə şəraitindən istifadə eləməyə öyrəşiblər. Onlar artıq bu vəziyyətə adətkar edib. Amma mən bununla barışmaq niyyətində deyiləm. Mən istəyirəm Ağdama, Şuşaya, Cəbrayıla, Fizuliyə öz ayağım dəysin. Fürsətdən istifadə edib bəzi həmkarlarımıza da o xoş günləri arzu etmək istəyirəm. Demək istərdim ki, hər yuxarıdan gələn sifarişə boyun əyməyin, çünki əyri görünürsünüz. Bugünün sabahı var. Mən bir daha Azərbaycanın Ali Baş Komandanının, cənab prezident İlham Əliyevin Azərbaycan ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir əsgər kimi dəstəklədiyimizi elan edirəm və buna heç kəsin şübhəsi olmasın. - See more at: http://axar.az//news/16552#sthash.wc4zdJQ2.dpuf