Dünya (2-04-2014, 17:07)
Ermənilərin Kesaba vay-şivəni...
Mənfur qonşular indi də Suriya erməniləri ilə bağlı təbliğati mif yaradıb dünyanı çaşdırmağa, Türkiyəni hədəfə gətirməyə çalışırlar...
Artıq neçə gündür ki, erməni saytları növbəti “erməni genosidi” haqda mifi tirajlamaqdadır. Bu dəfə söhbət guya Suriyadan gedir. Ancaq bu, erməni olmazdı ki, “soyqırım” sözünü “Türkiyə” sözü ilə yanaşı işlətməsəydi.
Uydurulan yeni erməni bestsellerinə görə, guya 2014-cü il martın 21-də Türkiyə ərazisindən keçən “radikal islamçı terrorçular” Suriyanın əsasən ermənilər yaşayan Kesaba şəhəri və ona bitişik kəndlərinə hücum edib, nəticədə yüzlərlə erməni qətlə yetirilib. Əhali daimi yaşayış yerini tərk edərək əsasən Latakiyə sığınmalı olub.
Bundan əlavə, sosial şəbəkələrdə yayılan bir videorolikdə hansısa silahlı adamların yerə oturdulan insanları başının arxasından güllələməsi əksini tapıb. İddialara görə, bu dəhşətli kadrlarda “əl Qaida”çılar məhz erməniləri güllələyir.
Ancaq yalanın ömrü az olur. Məsələ ondadır ki, Kesabada guya ermənilərin kütləvi qırğınının həyata keçirildiyini elə şəhərin Lakatidə sığınacaq tapan meri, erməni Vazgen Çaparyan təkzib edib. Hələ harasıdır, Çaparyan sözügedən videolarda öldürülənlərin də ermənilər olmadığını söyləyib.
Politoloq Ərəstun Oruclu da minval.az-a açıqlamanda bu kimi xəbərlərin ermənilərin növbəti uydurması olduğunu deyib: “Əvvəla, unutmaq olmaz ki, ermənilərin saxta “soyqırımı”nın 100-cü ildönümü gəlir və bu üzdən onlara piar lazımdır. İkinci yandan, ermənilər martın 27-də BMT-də Ukrayna ilə bağlı qətnamənin əleyhinə səs verib Suriya, Sudan, Zimbabve ilə bir cərgədə durmaqla özlərini dünyada rüsvay ediblər və indi də diqqəti bundan yayındırmaq istəyirlər. Odur ki, erməni təbliğat maşını bu mövzunu israrla tirajlayır. Yəqin onu da xatırlayırsınız ki, ermənilər Xocalıda öldürülən azərbaycanlıların fotolarını necə dünyaya özününkülərin fotoları kimi yaymağa çalışırdılar. Kesabada qətliam olması barədə iddialar da məhz xəstə təxəyyülün məhsuludur. Təəssüf ki, bu xəstəliyin şiddəti il-bə-il artır”.