Sosial / Slayd (19-04-2016, 23:15)
OLİQARXLARIN TİKİNTİ ŞİRKƏTLƏRİ ƏLLƏRİNDƏN ALINIR! - İri layihələrin tikintisi bir mərkəzdə cəmləşir
Azərbaycanda dövlət sifarişi ilə reallaşan iri tikinti layihələrinin həyata keçirilməsinin bir əldə cəmləşdirilməsi prosesinə başlanıb.
Mediatv.az xəbər verir ki, bu məlumat “AzPolitika.info”ya hökumətə yaxın məlumatlı mənbədən daxil olub.
Məlumata görə, bu məqsədlə yaxın vaxtlarda oliqarx nazirlərə məxsus və yaxud onların himayəsində olan iş adamlarına aid iri tikinti şirkətlərinin bir mərkəzə tabe olunmasının təmin edilməsi nəzərdə tutulur. Bu istiqamətdə artıq işlərə başlanılıb. Bir mərkəzə tabe etdirilən iri tikinti şirkətlərinin maddi-texniki bazası və struktu saxlanılsa da, adlarının dəyişdirilməsi qərara alınıb.
Bu isə faktiki olaraq oliqarxlara bağlı iri tikinti şirkətlərinin onların əlindən alınması deməkdir. Yəni, oliqarx nazirlər nəzarət etdikləri tikinti şirkətlərini tələb olunan MƏRKƏZƏ dövr edərək, bu sektordan çəkiləcəklər.
Mənbə bunun səbəbləri barədə konkret məlumata malik olmasa da, hökumət dəhlizlərində gəzən söhbətlərə əsaslanaraq bəzi mülahizələr irəli sürdü.
Məlum olduğu kimi, neft gəlirlərinin azalması hökumətin əsaslı tikinti qoyuluşuna, iri layihələrə ayırdığı vəsaitləri də “qayçılamasına” səbəb olub. Bir sıra layihələrin tamamlanması, bəzilərinin reallaşdırılması isə oliqarxlara tapşırılıb. Onlardan müxtəlif yollarla əldə etdikləri vəsaitlərin bir hissəsini tabeciliklərində olan sahələrdə və ya onların kurasiyasına verilən rayonlarda başlanan bəzi layihələrin tamamlanmasına xərcləmək tələb olunub.
Oliqarx nazirlər də bu işləri öz tikinti şirkətləri vasitəsilə həyata keçirirlər. Elə böyük pulları da bu zaman əldə edirlər. Büdcədən və banklardan iri layihələrə ayrılan pulların böyük hissəsinin mənimsənildiyi hər kəsə məlumdur. Eləcə də oliqarxlar qanunsuz yollarla əldə etdikləri vəsaitləri guya müəyyən layihələrə xərcləmək adı ilə şəxsi hesablarına keçirir, haqq-hesabdan gizlədiblər. Bunu isə məhz öz tikinti şirkətləri vasitəsilə reallaşdırıblar.
Qeyd edək ki, oliqarxların müxtəlif tikinti layihələrinə xərcləmək adı ilə külli miqdarda büdcə vəsaitlərini mənimsədikləri məlum olsa da, onların bu yolla “qeydiyyatdan” milyardları yayındırdığı məhz neft qiymətləri ilə bağlı ölkədə yaranmış böhrandan sonra ortaya çıxıb. Bu işdə Vergilər Nazirliyinin apardığı yoxlamaların xüsusi rolu olub.
Məsələn, bu yoxlamalar zamanı oliqarxlardan birinin tikdirdiyi otelin foyesinin dizaynına, bəzi avadanlıqlara və açılışına 50 MİLYON vəsaitin silindiyi məlum olub. Halbuki, bunun üçün heç 5 milyon belə xərclənməyibmiş…
İri layihələrdə belə üsullarla mənimsəmələrin miqdarı isə, sözsüz ki, daha böyük olub.
Qəribə də olsa, ölkədəki maliyyə böhranı da oliqarxların “iştahına” təsir etməyib. Onlar yenə də, “ənənəvi üsulla” işləməyə, tikintiyə xərclədiklərindən qat-qat çox vəsaiti öz ciblərinə yönəltməkdə davam ediblər.
Məhz bu amilin oliqarxların tikinti şirkətlərinin əllərindən alınaraq, bir mərkəzdən idarə olunması barədə qərarın verilməsinə səbəb olduğu ehtimal edilir. Bununla iri tikinti layihələrinə xərclənən vəsaitlərin tam nəzarətə götürülməsi, oliqarxların burdan böyük oğurluqlar etməsinin qarşısının alınması nəzərdə tutulur.
İri tikinti layihələrinə nəzarətin isə qeyri-rəsmi olaraq yeni yaradıan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) rəhbərliyinə həvalə olunacağı ehtimal olunur. Bu agentliyə direktor təyin edilənSamir Nuriyev isə “Bakı” klanının kadrı kimi tanınır…
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 11 aprel tarixli fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılmasının səbəbi kimi vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək olduğu göstərilib.
Türkiyədə Baş Bakanlığa bağlı TOKİ-nin (Toplu Konut İdarəsi) təcrübəsindən istifadə edən hökumət, aşağı və orta gəlirli vətəndaşların mənzillə təminatı üçün yaşayış binalarının tikintisinə böyük miqdarda vəsait ayırmaq niyyətindədir. Ehtimal ki, bu binaların əksəriyyəti Ağ Şəhər deyilən ərazidə tikiləcək.
Bu məqsələ Agentliyin tərkibində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyət göstərəcək. Fərmana əsasən müəyyən edilib ki, “MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilməlidir.
“MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarını, onlarla bağlanacaq müqavilələrin şərtlərini, ayrılacaq vəsaitin məbləğini, ödəmə şərtlərini və sairi isə Dövlət Agentliyi müəyyən edəcək. Yəni pulu dövlət ayıracaq, şərtləri və nəzarəti MİDA təyin edəcək, tikintini isə özəl şirkətlər aparacaq.
Təbii ki, bütün tikinti şirkətləri böyük pullların dövr edəcəyi bu layihələrdə iştirak etmək istəyəcək. Ancaq Azərbaycan reallığını nəzərə alsaq, burda da üstünlük “doğmalara” veriləcək. Lakin layihə geniş olduğundan yalnız “doğmalarla” bunu reallaşdırmaq mümkün deyil. Odur ki, oliqarxların əlindəki “yad” şirkətlərin də bir mərkəzin tabeçiliyinə verilməklə “doğmalaşdırıldığı” bildirilir. Məhz bu səbəbdən də həmin tikinti şirkətlərinin maddi-texniki bazası və strukturu saxlanılmaqla, dövr edilməsi tələb olunur.
Yəni, tikinti şirkətlərinin oliqarxların əlindən alınmasının bir səbəbi də, onların MİDA-nın xəttilə reallaşdırılacaq layihələrdən pay əldə etməsinin qarşısını almaq olduğu ehtimal edilir.
Hansi ehtimalın həlledici olduğunu söyləyə bilməsək də, tikinti şirkətlərinin əllərindən çıxmasının oliqarx məmurların ən böyük qazanc yerini itirməsinə səbəb olacağı dəqiqdir. “Allah əvəzini versin” demək də olmur!
İ. İsmayılbəyli
AzPolitika.info