Sosial / Slayd (14-04-2016, 23:14)
CAVİD QURBANOVU HƏBSƏ APARACAQ DOSYE HAZIRLANIB – “Əsgərovun mənimsədiyi pullar…”
Ziya Məmmədov və Arif Əsgərov dosyedəki faktları ictimailəşdirmək qərarına gəliblər
Mediatv.az xəbər verir ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan sonra bu qurumun keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Arif Əsgərovla aralarında ciddi insident yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, insidentə səbəb Arif Əsgərovun dövründə mənimsənilən pulların Cavid Qurbanov tərəfindən tələb edilməsi olub. Məlumatda deyilir ki, mənimsənilən pullar fantastik məbləğdədir.
Cavid Qurbanovun bu tələbə həm Arif Əsgərovu, həm də nəqliyyat naziri Ziya Məmmədovu hiddətləndirib. Onlar da Cavid Qurbanovun “Azəryolservis”dəki fəaliyyətilə bağlı dosye hazırlayıblar. Məlumatda deyilir ki, həmin dosye ictimailəşəcəyi təqdirdə Cavid Qurbanov hətta həbs edilə bilər. Ziya Məmmədov və Arif Əsgərov dosyedəki faktları ictimailəşdirmək qərarına gəliblər. Lakin son anda fikirlərindən daşınıblar. “Onlar əvvəlcə elə zənn ediblər ki, bu Cavid Qurbanovun özfəaliyyətidir. Lakin sonradan tələbin əslində ”yuxarılar” dan gəldiyi üzə çıxıb. Ona görə də Cavid Qurbanov barədə dosyenin ictimailəşdirilməsi gündəmdən çıxarılıb”, – deyə mənbə bildirib.
Bu arada Bakı vaqon deposunun bələdçiləri “Azadlıq”a müraciət göndərib. Cavid Qurbanova üz tutan bir qrup dəmiryolçunun müraciətində deyilir: “Cənab sədr! Siz dəmiryoluna yeni təyin olunandan bir ay sonra sizin qəbulunuzda olduq. Dəmiyolunda, əsasən də sərnişindaşıma departamentində uzun illər boyu baş alıb gedən məmur özbaşınalığı, rüşvətxorluq, bizə qarşı olan ayrı-seçkilik və pullarımızın zaman-zaman bu məmurlar tərəfindən qanunsuz yollarla mənimsənilməsi barədə sizə faktlar dedik.
Elə həmin görüşdə bizə çatışmazlıqlar barədə tapşırıqlar verdiniz. Əsas məsələ bizə aid olan pulların mənimsənilməsi haqda komissiya yaradıb bütün şikayətlərin, ərizələrin alınıb işin araşdırılmasını tapşırsanız da, bugünə kimi məsələ öz həllini tapmayıb. Çünki verdiyiniz tapşırığa əsasən, komissiyanın sədri Əlirza Süleymanov və qeyri üzvlərin hamısı bu qanunsuzluqların və mənimsəmələrin bir nömrəli iştirakçısı olub. Biz tərəfimizdən seçilən iki nəfər nümayəndə isə adları siyahıda yer alsa da, fəaliyyətlərinə şərait yaradılmadı. Yoxlamalarda etirazlarına heç bir məhəl qoymadan, komissiyanın son aktına, bizim nümayəndənin imzası olmadan yəqin ki, sizə təqdim ediblər. Bundan bir il keçməsinə baxmayaraq biz dəfələrlə etiraz etsək də, sizin müavininiz Əlirza Süleymanov, departamentin sədri Elyar Muradov sizinlə təkrar görüşməyə imkan vermirlər.
Bir ildən çoxdur ki, dəfələrlə ərizə yazıb, sizinlə görüşmək istəsək də, nədənsə ərizələrə Elyar Muradov cavab vermir. Bir neçə dəfə sizin maşının qabağına çıxıb arxa qapıdan sizinlə görüşmək istəsək də, ya Əlirza Süleymanov, ya da Elyar Muradov polisləri çağırıb bizə hədə-qorxu gəliblər.
Ölkə başçısı Ilham Əliyev sizi bizə sədr təyin edib ki, siz də köhnə rəhbərlər kimi bizə yuxarıdan aşağı baxasınız? Biz bir qrup araqarışdıran deyilik. Dövlət əleyhinə heç bir hərəkət etmirik, qanunları pozmuruq. Sadəcə olaraq öz haqqımızı istəyirik. Bir sədr kimi, bu sizin vəzifyənizdir. Nəyə görə hər dəfə sizinlə görüşmək istədikdə polis çağırıb bizi Əlirza Süleymanovun kabinetinə aparıb hədə-qorxu gəlir?!
Cavid müəllim, siz məmursunuz və cənab prezident dəfələrlə söyləyib ki, məmurların bir nömrəli vəzifəsi fəhləni qəbul edib dinləməkdir. Əksinə, idarə etdiyiniz qurumda sizə tabe olmayan bəzi məmurlar köhnə əməllərini gizlətmək üçün haqqımızda sizə yalan məlumatlar verirlər.
Bu hadisələrlə bağlı ölkə başçısına, baş nazirə və dövlətin bütün qurumlarına məktub ünvanlamışıq. Hətta aksiya keçirmək üçün Hacıbala Abıtalıbova da müraciət etmişik. Hacıbala müəllim bizi qəbul edib təmkinli olmağı və gözləməyi təklif etdi. Söz verdi ki, bu məsələni lazım gəlsə ölkə başçısına qədər qaldıracaq və əvvəlcə sizə məktub ünvanlayıb bizi qəbul etməyi xahiş edib. Heç bir nəticə olmadı. Sonra baş nazirin müavini Abid Şərifoa müraciət ünvanlandı. O da sizə müraciət edərək bizi qəbul etməyi xahiş edib.
Deyəsən, biz ancaq ölkə başçısına müraciət etməliyik. Bəlkə onun xahişini yerə salmazsınız. Ancaq bu xahişləri ənənəvi olaraq Elyar Muradov qəbul edib və ismarıc göndərərək nümayəndələrimizi öz otağında yox, 7.04.2016-cı ildə deponun rəisi Rəhman Əbişovun otağında qəbul edib ənənəvi sözlərini çatdırdı: “Mənim sizə verəcək heç nəyim yoxdur. Hara gedirsiniz gedin. Hara yazırsınız yazın, xeyri yoxdur. Bu gün də sizi ona görə qəbul etdim ki, gedib Cavid müəllimə sizinlə görüşüb məsələni həll etməyim barədə məruzə edim”.
Sizdən xahiş edirik, bizi qəbul edin və dinləyin. Haqqımız bərpa olunmayınca bu aksiyadan əl çəkməyəcəyik. Ətrafınızda köhnə qalıq məmurların öz cinayətlərini gizlətməsi üçün onlara şərait yaratmayın. Bu, çox pis nəticə verəcək. Haqqımız bərpa olunmasa, kütləvi şəkildə idarənin qarşısında özümüzü yandıracağıq. Məsuliyyət sizin olacaq”.