Sosial / Slayd (31-03-2016, 14:50)
Həkimin qoyduğu diaqnoz səhv çıxdı
Bir müddət öncə azyaşlı xəstənin əməliyyatından imtina etməsi ilə gündəmə gələn həkim-deputat Rəşad Mahmudovun qoyduğu diaqnozun səhv çıxması haqda məlumat yayılıb.
Meditav.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayında jurnalist Aytən İmanova qohumu Renat İmanovun ürək qüsurlu doğulması və həkim Rəşad Mahmudovun öncə uşağı əməliyyat edəcəyi, sonra isə imtina etdiyini bildirib. Jurnalist qeyd edib ki, hətta Heydər Əliyev Fondundan əməliyyat üçün həkimin hesabına 9 min manat köçürülüb: “Hər şey də bundan sonra başlayıb. “Hippokrat andı” içmiş millət vəkili pul hesabına yatandan sonra əməliyyatdan imtina edib və körpənin valideynlərinə “krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün!” deyib”.
Rəşad Mahmudov məsələnin ictimailəşməsindən sonra açıqlama verərək bildirib ki, həqiqətən də uşağın yaşamaq şansı olmayıb və əməliyyata girərsə, ölmək ehtimalı 99 faizdir:
“Əvvəl uşaqda 12 qüsur görmüşdük, ancaq ikisi də əlavə çıxdı. Ona görə də xəstənin əməliyyatdan sağ çıxması demək olar ki, mümkünsüzdür. Uşağı əməliyyata salmaq, onun həyatını tamamilə itirməsi deməkdir”.
Bu gün isə jurnalist A.İmanova məlumat yayaraq bildirib ki, uşaq Türkiyədə əməliyyat olunub və vəziyyəti yaxşıdır:
“Məsələ ictimailəşdikdən sonra “Uşaqların xoşbəxt gələcəyi” təşkilatı, xüsusilə Nərgiz Kərimovanın sayəsində uşağı İstanbula aparıb müayinə etdilər. Rəşad Mahmudovun dediklərinə güldülər və uşağın yaşayacağını dedilər. Renat artıq əməliyyatdan çıxıb və sağ-salamatdır, 2 gün reanimasiyada qaldıqdan sonra bu gün səhər aparatlardan ayrılıb. Var olun ki, ictimailəşdirdiniz və balacananın həyatını xilas etdiniz”.
Xatırladaq ki, Rəşad Mahmudov ötən il noyabrın 1-də baş tutan parlament seçkilərində 77 saylı Astara seçki dairəsindən deputat seçilib. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Mərkəzinin rəhbəridir.