Sosial (Bu gün, 17:25)
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Nəsimi rayonunun "Kubinka" adlanan ərazisində - Cəlil Məmmədquluzadə küçəsi, 2 ünvanında yaşayan sakinlər başıalovlu redaksiyamıza zəng etdilər: "Evimizi başımıza uçururlar, bizi küçəyə atmaq istəyirlər, gəlin, çəkin". Sakinlərin əlində benzin şüşəsi ilə "özümüzü yandıracağıq" deyib söküntünü aparanlara müqavimət göstərdiyini əks etdirən görüntüləri görəndən sonra adıçəkilən məhəlləyə yollandım.
Məni məhəllənin girəcəyində qarşılayan sakin danışmağa başladı:
- İndicə getdilər, bayaqdan burada idilər. Məhkəmə qərarına əsasən, bu evləri sökə bilməzlər. Bunlar bizim şəxsi mülkümüzdür, onlara satmamışıq, – Məhəllə sakini həyəcanlı bir şəkildə bir neçə cümlə ilə bütün məlumatı verməyə tələsdi, – Verdikləri kompensasiya isə çox azdır. Biz buna etiraz edirik…
Məhəlləyə girməzdən əvvəl problemi lap əvvəldən danışım. "Vialon" MMC-nin həyata keçirdiyi söküntü işləri zamanı bəzi sakinlərin mülklərinə ciddi ziyan dəyib. Şirkət təklif etdiyi kompensasiya ilə razılaşanları köçürüb, lakin kompensasiyanın azlığındna şikayət edən və evini tərk etməyən sakinlərə təzyiq göstərilib. Söküntü zamanı şikayətçilərin evinə ciddi zərər yetirilib - kiminin divarı çat verib, kiminin damı üçurulub, kiminin də həyətindəki ağacları məhv ediblər.
Şikayətçilər deyirlər ki, sentyabr ayında söküntü işləri daha da intensivləşib və onlara evlərini tərk etmək üçün təzyiqlər artıb. Sakinlər dəfələrlə polis çağırsa da, şirkət işlərini davam etdirib.
Məhəllənin ortasındakı nəhəng buldozer, sakinləri nağıllardakı div kimi dərin bir səksəkədə əsir saxlayır. Yaxınlaşıb sakinlərlə maraqlanıram. Hərəsi öz evinin düşdüyü bərbad vəziyyətdən danışır. Cəlil Məmmədquluzadə küçəsi, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lalə qızı “Vialon”un dağıtdığı damından evinə yağış sızdığını bildirir. Evin yan tərəfinə keçirəm. Damın bir hissəsi uçub. Divarda isə böyük çatlar var. Dağıntının fotolarını çəkirəm. M.Yurşimova bildirir ki, çanaq antennasını da onlar qırıb.
- Siz burada necə yaşayırsız? Divar təhlükəli vəziyyətdədir, hər an uça bilər.
- Neçə vaxtdır bu qorxuyla yaşayırıq. Bilmirik nə edək, hara şikayət edək… Keçin içəridən baxın hələ. Bir az yağış yağan kimi evi su basır.
Ayyaqabımı çıxarıb içəri keçmək istəyirəm.
- Çıxarma ayaqqabını, onsuz bütün ev toz-torpaqdır. Söküntünün hamısı başımıza tökülüb.
İçəri keçirəm. Həqiqətən, ev torpaq və söküntü qalıqlarıyla doludur. İçəridən baxanda divardakı çatın nə qədər təhlükəli olduğunu daha aydın görürəm.
Vəziyyətin ağırlığını bir az da M.Yurşimovadan dinləyək:
- Görün evimi nə günə salıblar. Qonşunun evini sökmək adıyla qəsdən bizə təzyiq göstərmək üçün evlərimizə də zərər verirlər. Bunlara kim ixtiyar verib ki, milləti bu günə salsınlar? Daha çox gecələr gəlirlər. Buldozerlə sökməyə çalışırlar evlərimizi. Mən saatlardır Fövqəladə Hallar Nazirliyinə, polisə zəng edirəm. İndiyə kimi bir nəfər gəlib baxmadı ki, bəlkə, bu ev uçub, camaat altında qalıb. Bu gün “Vialon” MMC-nin sahibi Ramil Qasimov mənə ağır söyüşlər söyüb, təhqirlər edib, mənim kimi yaşlı qadınla əlbəyaxa olub. Məni təhdid edir. Adlarını da deyirəm: Ramil Qasımov, Xalid Qasımov, bir də Orxan Şirinov. Deyirlər, kimə istəyirsiz, şikayət edin. 58 ildir ki, mən bu məhəllədə yaşayıram. Görün, mənim evimi nə hala salıblar?!
Qonşu həyətə keçirəm. Daha doğrusu, keçmək istəyirəm. Çünki buldozerlə hasarı söküb qalıntılarını M.Yurşimovanın həyətinə töküblər deyə, hərəkət etməkdə çətinlik çəkirəm. Burada dibindən qopardılmış ağaclar var. Məhəllə sakini Gülşən Ağayeva deyir:
- Bu səhər həyətimdə 50-ə yaxın ağac qopardıblar. O ağaclar hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınmışdı. Bu həyət 1927-ci ildən bizim mülkümüzdür. Bizə təklif etdikləri kompensasiya isə buranın bazar dəyərindən çox aşağıdır.
M.Yurşimova isə deyir ki, iki il əvvəl “Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular:
- Sonra bir-bir insanlara yaxınlaşıb, onlara müəyyən qədər vəsait verəcəklərini bildirdilər. Kimlər ki o ünvanda yaşamırdı, şirkətin verdiyi vəsaitlə razılaşıb evini satdı. Hər kvadratmetrə görə 1700-1800 manat verildi. Onlar razılaşıb çıxdılar. İndi isə qalıb bizim evlər. Qonşular evdən çıxan kimi dərhal söküntüyə başladılar. Biz hazırda şəhərin mərkəzində yaşayırıq. Onların verdiyi kompensasiya ilə biz ancaq şəhərdən uzaq yerlərdən ev ala bilərik. Üstəlik, həyətə görə pul vermirlər. Kompensasiya ancaq evin kvadratmetrinə görə verilir.
Güşən Ağayeva isə deyir ki, çarəsizlikdən özünü yandırmaq istəyib:
- Bayaq evimi yıxmaq istəyirdilər. Bir əlimdə neft, bir əlimdə uşaqla qarşılarına çıxdım. Özümü öldürmək həddinə gəlmişəm. Bütün aidiyyatı qurumlardan kömək istəyirəm.
Məhəllə sakini Ofeliya Hacıyeva da öz evini göstərir. Evin bir tərəfi ciddi zərər görüb. O deyir ki, əslində, damın bir hissəsini tamamilə uçurmuşdlar:
- Mənim evdə xəstə anam var. Hər dəfə təzyiqi qalxır. Evin bir hissəsini tam uçurmuşdular, sonra biliblər ki, mətbuatdan gələcəkər, tez gətirib bir taxta qoydular ora.
-O taxtanı özləri qoyub? – Evin dam hissəsinə qoyulmuş çürük taxtaya baxıb soruşuram.
- Bəli, onu da qoymazdılar, əslində, mətbuat çəkiliş edir, yazır deyə, qoyublar…
Sakinlərin şikayəti ilə bağlı “Vialon” MMC şirkətinin rəsmi nümayəndəsi Ramil Qasımovdan da dinləmək üçün ona zəng edirəm. Telefona cavab verən R.Qasımov mətbuatdan olduğumu öyrənincə, heç bir söz demədən zəngi bağlayır. Yenidən zəng edirəm.
- Alo, bəli.
- Ramil bəy, eşidirsiz məni?
- Qardaş, Ramil müəllim deyil e. Ramil müəllim kimdir?...
Məsələ ilə bağlı FHN-in mətbuat xidməti ilə əlaqə saxladım. Oradan bu məsələnin onların səlahiyyətinə aid olmadığı bildirildi. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərim isə baş tutmadı, zənglərə cavab vermədilər.
BakuPost
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024