Sosial / Slayd (11-03-2016, 14:49)
Ağdamın icra başçısı ilə bağlı yeni ittihamlar
Müxtəlif şəxslərdən vəzifəyə təyin ediləcəkləri adı ilə külli miqdarda pul alındığı haqqında məlumatlar var
Heydər Əliyev Mərkəzi hansı vəsait hesabına tikilir?
Ağdam rayonunda yeni qalmqallar yaşanmaqdadır və onlardan ikisi haqqında redaksiyamıza daxil olan məlumatı oxucularımızla bölüşürük.
Redaksiyamıza Ağdam rayon Quzanlı qəsəbəsində inşa edilməkdə olan Heydər Əliyev Mərkəzi ilə bağlı ilginc məlumatlar daxil olub. Baxmayaraq ki, Ağdamda bundan əvvəl də Heydər Əliyev Mərkəzi tikilmişdi və indi də mövcuddur...
İcra başçısı Raqub Məmmədov həmin binanı Mərkəz üçün əlverişli hesab etməyib və yenisinin tikilməsinə qərar verib. İlk baxışdan icra başçısının bu addımında heç bir qəribəlik görünmür. Əgər bircə məqam olmasaydı... Məsələ ondan ibarətdir ki, Quzanlı qəsəbəsində inşa olunan yeni Heydər Əliyev Mərkəzinin maliyyə mənbəyi məlum deyil. Daha doğrusu Ağdam rayonundanxeberinfo.com-a daxil olan məlumata görə Mərkəz büdcə təşkilatlarında çalışanlardan yığılan “haqq”ın hesabına inşa edilir.
Biz bu məlumatı araşdırmaq istədik və... Qeyd edək ki, Ağdam rayonunda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bağlı tender elanına rast gəlmədiyimiz kimi, həmin elan olunmamış tenderin qalibini də tapa bilmədik. İstər dövlət büdcəsindən, istərsə də Prezidentin Ehtiyat Fondundan bu məqsəd üçün vəsait ayrılması barədə hər-hansı məlumata da rast gəlmədik. Bütün bunlar isə Heydər Əliyev Mərkəzinin büdcə təşkilatlarından yığılan pullar hesabına inşa edilməsi haqqındakı məlumatları stimullaşdırır. Belə görünür ki, Heydər Əliyev Mərkəzi ətrafında böyük bir korrupsiya qalmqalı yaşanmaqdadır.
Məlumata görə, maliyyə naziri Samir Şərifovin yanvar və fevral ayları üçün Ağdam rayon səhiyyə işçilərinin əmək haqqlarını verməməsi Heydər Əliyev Mərkəzinin tikintisinə də mənfi təsir göstərib və binanın daxilindəki tamamlama işləri ləngiməkdədir. Ki, bütün bunlar da Raqub Məmmədovu narahat edir və o hər vasitə ilə Mərkəz binasının inşasını başa çatdırmağa çalışır. Məlumata görə, Cəbrayıl, Laçın və Salyan rayonlarının icra başçısılarının vəzifələrindən kənarlaşdırılmasından sonra Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov da qorxu içindədir və buna görə də Heydər Əliyev Mərkəzinin yeni binasının açılışını etməklə dövlət başçısının qəzəbindən yayınmağa çalışır. Dövlət başçısının isə icra başçısına qəzəblənməsi üçün çoxsaylı səbəblər var. Belə səbəblərdən daha biri haqqında xeberinfo.com-a daxil olan məlumatda vəzifə verilməsi adı ilə çoxsaylı şəxslərin aldadılmasından bəhs olunur.
Vəzifə vədi ilə çoxsaylı şəxslər aldadılıb, pulları əllərindən alınıb
Ağdam rayonundan aldığımız məlumata görə, bir neçə nəfər dəlduzluğun qurbanı olub. Onlar aldadılıb, yükəsk vəzifəyə təyin olunacaqları ilə bağlı vədlər verilib və əllərindən külli miqdarda pulları alınıb. Bu işdə isə bir saytın təsisçisi və baş redaktoru və həmin saytın bir əməkdaşının adı hallanır. (Hələlik adlarını açıqlamağı uyğun bilmirik:Red.) Məlumata görə, həmin saytın rəhbəri və əməkdaşı bir neçə şəxsdən onları vəzifələrə təyin etdirmək adı altında külli midarda pul alıblar. Həm də Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun adından.
Dələduzluğun qurbanlarından birinin də səhiyyə işçisi olduğu iddia edilir. Ağdam rayon səhiyyə sistemində kiçik vəzifədən nisbətən irəliləyən bu şəxs sonra Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri olmaq niyyətinə düşüb. Bu zaman isə o adlarını yazmadığımız baş redaktor və saytın digər əməkdaşından kömək istəyir. Ona istədiyi postu tutmaqda yardım edəcəklərini vəd edən cütlük bunun üçün onun nə az-nə çox 50 min manatını alırlar. Cütlük bu pulun icra başçısına və nazirlikdə bəzi lazımlı adamlara çatacağını bildirirlər. Mətbu cütlüyün dəstəyi ilə artıq bir dəfə istəyinə çataraq, vəzifəsində bir pillə irəliləyən cənab bu dəfə aldanır. Ancaq cütlüyün toruna düşüb, aldanan yalnız o deyil.
Ağdam rayonunda daha bir şəxs bu cütlüyə məktəb direktoru keçmək üçün 16 min manat, idarələrdən birinə müdir olmaq istəyən başqa birisi 10 min manat, dörd nəfər səhiyyə şöbəsində işə düzəlmək istəyən 5 min manat verməli olur. Bunlar hələlik məlum olanlardır.
Ancaq cütlüyün çox insanı aldatdığı, ümumilikdə isə onların 150 min manatdan artıq pulunu mənimsədiyi haqqında məlumatlar var. Burada sual olunur: sıradan bir saytın rəhbəri və onun əməkdaşı bu qədər insanı necə aldada bilər? Cavab çox sadədir. Ağdamda məlumatlı şəxslər bu baş redaktoru rayon icra hakimiyyətinin başçısı Raqub Məmmdova yaxın şəxs kimi tanıyırlar. Raqub Məmmədov icra başçısı təyin edildikdən sonra bu baş redaktor sayt açır və bundan sonra bu sayt icra başçısının təbliğat ruporuna çevrilir.
Bu saytda icra başçısı Raqub Məmmədovun təbliğatı ilə yanaşı onun tənqidçilərinin əleyhinə də yazalar dərc olunur. İcra başçısı Raqub Məmmədovla bu saytın təsisçisi və baş redaktoru arasında işbirliyi rayondakı kadr təyinatlarına da təsir edib. Belə ki, baş redaktor saytının əməkdaşının qardaşını ... kənd ərazi icra nümayəndəliyinin rəhbəri təyin etdirir. Halbuki kənddə bu şəxsin vəzifəyə təyinatının əleyhdarları çox olub. Ancaq baş redaktorun təkidi ilə Raqub Məmmədov kənd sakinlərinin istəyinin ziddinə olaraq, ərazi icra nümayəndəliyinə rəhbər təyin edib. Doğrudur, bu təyinat da ucuz başa gəlməyib, icra nümayəndəsinin bu vəzifə üçün 17 min manat ödədiyi iddia olunur.
Yazını sayta qoymazdan öncə Ağdam Rayon İcra Hakimiyyətinin elektron poçtuna ünvanladıq. İstədik ki, bu və digər məlumatlarla bağlı yazıda adı hallanan rayon rəhbərliyini də dinləyək. Suallarımızı cavablandırmaq bir yana, təxminən bir saatdan sonra bizimlə telefon əlaqəsi saxlayan icra başçısının köməkçisi bizi məhkəmə ilə hədələdi: “Bu yazını dərc etməyiniz məsləhət deyil, boş-boş şeylərdir.... Cənab başçı konkret tapşırıq verib, dərc etsəniz məhkəməlik olacaq”(?)
Olsun, təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri mətbuatla “işləməyin” təhdid formasına üstünlük verməkdədir.
Qarşıdakı günlərdə lazımı dəqiqləşdirmələrlə mövzunu davam etdirməyə çalışacağıq.
Xeberinfo.com