Sosial (3-03-2016, 12:52)
Təhsil ocağını bazara çevirənlər. ARAŞDIRMA
Təhsil müəssisələri, xüsusilə də kolleclərlə bağlı ictimai rəyin birmənalı olmaması məlumdur. Əvvəllər texnikum adlanan bu təhsil müəssisələri dünən necə vardısada, bu gün də eləcə xatırlanır...
Bu sırada ilk diqqəti çəkən isə Quba Dövlət Sosial İqtisad Kollecidir. Bu təhsil müəssisəsi ilə bağlı son zamanlar xüsusi ilə ziddiyyətli məlumatlar dolanır. Konkret faktlarla, rəqəmlərlə zəngin olan bu məlumatlarda kollec rəhbərliyi ittiham olunur, təhsilə məsul şəxslər hədəfə çevrilir. Bu təhsil ocağı ilə bağlı müxtəlif mətbu orqanlarda çox yazılıb. Amma,... görünür hələ də yetərincə deyil.Quba Dövlət Sosial İqtisad Kolleci ilə bağlı yenimerkez.com-a yeni məlumatlar daxil olub. Məlumatların bir qismi ümumi xarakterli olsa da, özəlliyi ilə fərqlənən detalları da yetərincədir. Əməkdaşımız əldə etdiyimiz məlumatlarla bağlı bu kollecdə olub və lazımı jurnalist araşdırmaları aparmağa çalışıb.
Bir qayıb (q)-3, yaxud topdan 300-400 manat (baxır adamına)
Qayıb (q) demək olar ki, əksər təhsil ocaqlarımızda bir bəlaya çevrilib. Tələbələrin dərsə davamiyyəti hələ də problem olaraq qalmaqdadır. Səbəblər müxtəlif olsa da, həqiqət belədir. Quba Sosial İqtisad Kollecində olduğu kimi... Bu təhsil müəssisəi ilə bağlı aldığımiz məlumatlardan biri də tələbələrin dərsə davamiyyəti ilə bağlıdır. Daha doğrusu davamiyyətsizliyi ilə...Tələbələrlə söhbətimizdən: Həmayə Şabanova (ad və soyad şərtidir) “Bizdə bir qayıbın qiyməti 3 manatdır. Yaxud da bir semestri 300-400manata. Bundan ötrü şöbə müdirinə yaxınlaşmaq lazımdır. Qayıb məsələsi onluqdur, şişirtmək lazım deyil. Hay-küy salarsan, iş böyüyər, qiymət qalxar. Məsələ şişərsə baha başa gələr”.
Bir semestr ən azı 500-700 manat
Quba Dövlət Sosial İqtisad Kolleci ilə bağlı əldə etdiyimiz məlumatlardan ən başlıcası semestr imtahanları ilə bağlıdır. Doğrudur, bu haqda indiyədək də dövrü mətbuatda çox yazılıb. Təəssüf ki, reallıq nəinki dəyişməz olaraq qalmaqdadır, daha da mənfiyə doğru sürətlənməkdədir. Son illər ölkə təhsilində aparılan islahatlardan bu təhsil ocağında əsər-əlamət belə yoxdur. Kollecin direktoru Lacın Səfərəliyev özəl qaydalarını dəyişmək niyyətində görünmür. Semestr imtahanları 300-400 manat aralığında dəyişməkdədir. Məsələn, 5 imtahanı, 2-4 məqbulu (“zaçot”) olan tələbə ən azı 300 manat “tərləməlidir”, əgər 3 almaq istəyirsə. 4, yaxud 5 istəyirsə, 350-400 manatı gözə almalıdır. Bu fikirləri kollecin birinci mərtəbəsində “göz yaşı tökən” valideynlər də bölüşüb: “Üç ildir, qızım burada oxuyur. Qızım yox e, mən “oxuyuram”, hər semestr 300-400 manat verməliyəm. Onu da minnətlə. Direktorla görüşüb, sözümüzü deyə bilmirik. Nazirlə görüşmək bəlkə də asandır. Amma Lacın Səfərəliyevə söz deyə bilmirik. Bu ölkənin, təhsilin bir yiyəsi var, ya yox”.Biz kollecdə bir neçə tələbə və valideynlə söhbətləşdik və eyni sözləri eşitməli olduq. (Gərəkərsə, hər bir söhbəti ayrılıqda yaza bilərik.) . Görünən odur ki, Lacın Səfərəliyev bu kollecdə de-fakto bazar açıb. Bu kollecdə müavinlər səlahiyyətsiz fiqura çevrilib. Sadəcə “kağız-kuğuzla məşğuldurlar”. Ən xırda sözləri belə keçərli deyil. Hər kəsin onunla hesablaşması yeganə yoldur.Yeri gəlmişkən, məzunlar diplomlarını alarkən də 250-300 manatlarından keçməli olurlar. . Biz qarşıdakı günlərdə Quba Dövlət Sosial İqtisad Kollecində yaşananlarla bağlı Təhsil Nazirliyinə və digər dövlət qurumlarına müvafiq sorğular ünvanlamaqla mövzunu davam etdirməyə çalışacağıq.
