Sosial / Slayd (4-05-2015, 23:38)
Sığortaçı niyə “canlı etibarnamə”yə inanmır?
“Buta Sığorta”, “Bank of Baku” şirkətləri və “Hyunday Servis” firmasının razılaşdırılmış hərəkətləri mənsub olduqları oliqarxın monopolist manevrlərinin təəssüf doğuran nəticəsidir
Sığorta şirkətlərinin hadisə baş verərkən yerində aparılan qeydiyyatdan sonra ödəniş etməkdən imtina etmə faktları yetərincədir. Belə hallardan Prezident Administrasiyasına şikayət halları artıb. Bu barədə aprelin əvvəlində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq Israfilov da məlumat vermişdi.
Onun sözlərinə görə, 2014-cü ildə prezidentə 738 sığorta ödənişindən imtina halından şikayət ünvanlanıb. Bu ilin ilk iki ayında isə bu rəqəm 170 olub. Ötən il DSNX-ya 1170 ərizə və şikayət daxil olub ki, bu da 2013-cü illə müqayisədə 500-ə yaxın artım deməkdir: “Prezident Administrasiyasından da məktub daxil olub ki, sığorta ödənişlərindən imtina ilə bağlı şikayətlər artmaqdadır. Bu məsələ Prezident Administrasiyası və Maliyyə Nazirliyinin diqqətindədir”.
Bu qəbildən olan faktlardan biri ilə bağlı redaksiyamıza şikayət daxil olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra-10, ev-5 ünvanda yaşayan Əliyeva Nailə Məhərrəm qızı yazır ki, 19.03.2015-ci il tarixində sahibi olduğu Hyundai IX35 markalı, 90 UK 806 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən özünü pis hiss etdiyindən, sükanı qardaşı Namazov Məcid Məhərrəm oğluna etibar etmiş, lakin avtomobil saat 22:15 radələrində Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsində qəzaya uğramışdır.
“Buta Sığorta” ASC-də 07. 08. 2014-cü il tarixində MI-P-140244-B02 saylı “Fiziki şəxslərin səlahiyyətində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsi ilə sığortalanmış olan maşından ötrü sığorta şirkəti öhdəliyindən boyun qaçırmışdır. Səbəbini də belə izah etmişdir: “Hadisənin araşdırılması zamanı müəyyən edilmişdir ki, Namazov Məcid Məhərrəm oğlu yuxarıda qeyd edilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı sənəd (notariat qaydada təsdiq edilmiş yazılı etibarnamə) olmadan idarə etmişdir. 07. 08. 2014-cü il tarixində “Buta Sığorta” ASC-də MI-P-140244-B02 saylı “Fiziki şəxslərin səlahiyyətində olan minik avtomobillərinin tam sığortası” şəhadətnaməsində yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq sığortalı tərəfindən etibarnamə əsasında səlahiyyətləndirilmiş hər hansı bir şəxs sığorta olunan kimi tanınmışdır. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydalarının 16.1 və 16.1.1-ci maddələrinə əsasən Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin olduğu hallar istisna olmaqla, nəqliyyat vasitəsinin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunmasına sığortas təminatı verilmir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsini və “Fiziki şəxslərin səlahiyyətində olan minik avtomobillərinin tam sığortası qaydaları”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə “Buta Sığorta” ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilir”.
Diqqət etməyə dəyər ki, Namazovun avtomobili idarə etmək hüqüqu vardır və həmin vaxt avtomobilin sahibi də yanında olmuşdur. Bütün bunlar yol-nəqliyyat hadisəsi və onun iştirakçıları barədə məlumatları əks etdirən DYP arayışında da təsdiqlənmişdir.
Hərdən adama elə gəlir ki, sığortaçı öhdəlikdən imtina etmək üçün hətta uduzacağını qabaqcadan bildiyi halda belə haqsızcasına mübarizə aparır, sığortalınınn vaxtını alır, əsəblərini tarıma çəkir, “tutar -qatıq, tutmaz-ayran” deyib onun öz hüququnu nə dərəcədə bilib-bilmədiyini yoxlayır. Və sanki bu ixtiyar ona verilmişdir. Amma unutmaq lazım deyil ki, öhdəlikdən imtina edən sığortaçının istinad etdiyi Qaydalar da, Sığorta müqaviləsi də qanunlarla, normativ-hüquqi aktlarla tənzimlənməlidir. Qanunvericiliyə görə isə sürücü hesab edilməyən şəxsin sürücü hesab edilməsi üçün avtomobil sahibinin onun yanında olması və etibar etdiyini təsdiqləməsi kifayət edir. Bircə o qalır ki, sığorta şirkətoi əzilən avtomobilin sahibəN. Əliyevadan soruşsun: “Siz sükanı qardaşınıza özünüz etibar etmişdiniz, yoxsa, əlinizdən zorla almışdı?” Əks təqdirdə sığortaçının avtomobili təmir etdirmək öhdəçiliyindən imtina etməsini heç nə ilə əlaqələndirmək olmur.
Ümumiyyətlə, vət. N. Əliyevanın başına gələnlər “Buta Sığorta” ASC-nin fəaliyyətində rast gəlinən ilk müştəri aldatma faktı deyildir. KİV-də bu şirkət barədə kifayət qədər tənqidi materiallar gedib. Şirkət rəhbərliyinin məsuliyyəti öz sələfinin, işçisinin üstünə atmaq kimi xoşagəlməz cəhdləri pislənilib. O da bildirilir ki, fəaliyyətləri əlaqələndirilmiş “Buta Sığorta”, “Bank of Baku” şirkətləri və “Hyunday Servis” firmasının razılaşdırılmış hərəkətləri mənsub olduqları oliqarxın monopolist manevrlərinin təəssüf doğuran nəticəsidir. Ölkəmizin maliyyə bazarında, eləcə də riskləri qarşılamaq üçün etibar etdiyimiz sığorta sektorunda təbəddülatların baş verdiyi indiki halda bu kimi inhisarçılıq və hüquqpozma halları yolverilməzdir. Maliyyə Nazirliyi yanında Sığortaya Nəzarət İdarəsi “Buta Sığorta” ASC- nin fəaliyyətini ciddi araşdırmalı, daha hansı qanunsuzluqlara rəvac verildiyini aşkarlamağa çalışmalıdır.