Sosial (Dünən, 09:35)
“Laçınlı Dadaş”ın Azərbaycana qarşı təhlükə biznesi: milyon yarımlıq vergi borcu olan necə azadlıqda qalır? – VİDEO
Ölkəmizdə hər bayramqabağı, eləcə də adi günlərdə tələbatın yüksək olduğu ərzaq mallarının qiymətinin özünü sahibkar adlandıran bəzi işbazlar tərəfindən süni şəkildə artırılması sanki ənənə halını alıb. Çox təəssüf ki, bu gün bəzi işbazlar tərəfindən qiymətlərin süni şəkildə artırılması müşahidə olunur. Şübhəsiz, qiymət artımı əhalinin sosial vəziyyətinə mənfi təsir edir, vətəndaşların ovqatını pozur, insanların bayramını necə deyərlər, “qarabayrama” çevirir. Ən əsası isə belə süni bahalaşma ailələrin “büdcəsini” iflic edir. Birmənalı demək olar ki, bir qrup işbaz ünsürün bu cür çirkin əməlləri hökumətin, əhalinin sosial rifah halını yaxşılaşdırmaq siyasətinə kölgə salmaqdan, onu sabotaj etməkdən başqa bir şey deyil.
Burada diqqətçəkən məqamlardan biri də odur ki, ölkədə əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan sərəncamların mürəkkəbi qurumamış istehlak mallarının da qiymətində artım müşahidə edilir. Bu isə mütəxəssislərin təbirincə desək, obyektiv yox, subyektiv qiymət artımıdır.
Baş verən qiymət artımları əhalinin aztəminatlı təbəqəsinin dolanışığına mənfi təsir göstərir. Odur ki, aidiyyəti qurumlar, xüsusilə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımına qarşı ciddi ölçülər götürməli, buna şərait yaradanlar qanun qarşısında cavab verməlidirlər. Çünki ölkə başçının əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımları, bu sahədə əldə olunan nailiyyətləri beş-on işbazın varlanmaq hərisliyinə qurban vermək olmaz. Bu məsələlərə cavabdeh olan qurumlar öz vəzifələrini doğru-dürüst yerinə yetirməli, istehlak bazarına nəzarəti artırmalı, tez-tez monitorinqlər keçirməli, süni qiymət artımına qarşı mübarizəni gücləndirməli, bahalanmanın qarşısını ən sərt şəkildə almalıdırlar. Ən əsası isə süni şəkildə qiymətləri qaldıranlar və iri mağazalarda, marketlərdə etiketdə bir qiyməti, kassa-nəzarət aparatının yaddaşında isə başqa qiyməti saxlamaqla alıcılar üçün yanlış təsəvvür yaradan, vətəndaşın cibinə girən “ticarətçilər” ciddi şəkildə cəzalandırılmalıdırlar.
Amma bəzi işbazlar bunu nəzərə almır.
Belə inhisarçılar barəsində bir-neçə il öncə yazmışdıq. Daha dəqiq desək, Azərbaycana qeyri-leqal yolla gətirilən diri mal-qaranın monopoliyası barədə faktlara əsaslanan araşdırma yazısı dərc etmişdik.
Bir sözlə, bir-neçə il əvvəl ictimiləşdirdiyimiz “dana monopoliyası” ilə bağlı məsələyə yenidən qayıtmalı olduq. Çünki problem, yəni xırda və iribuynuzlu heyvanların ölkəmizə idxalı monopoliyası hələ də davam edir. Şərti olaraq “dana monopoliyası” adlandırdığımız bu şəbəkənin BAŞI Rusiyada oturur, şəbəkənin bir QOLU Dağıstana, o biri QOLU isə Azərbaycana uzanır.
Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovdur.
Mediaxeberleri.Az xatırladır ki, NUH.az saytı “dana monopoliyası” ilə bağlı ciddi araşdırmalar aparıb. Çünki bu monopolistlər qeyri-qanuni milyonlar qazanır, millətimiz isə, “qızıl qiyməti”nə olan ətə tamarzı qalıb.
Əldə etdiyimiz məlumata görə, Azərbaycanda “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürovun dövlət büdcəsinə 1 450 000 manat borcu var.
Xatırladaq ki, “dana monopoliyası”nın nümayəndəsi “Laçınlı Dadaş” ləqəbli Dadaş Şükürov bir neçə il əvvəl Kütləvi informasiya vasitələrində (KİV) Gürcüstan vasitəsilə Ermənistan mənşəli vərəm xəstəliyinə yoluxmuş diri heyvan və heyvan ətlərinin Azərbaycana idxal edilməsi qalmaqalı ilə də gündəmə gəlmişdi.
Daha ətraflı idxal qalmaqalı videoda:
Sonda onu deyək ki, qiymətləri süni şəkildə artıran, bununla da vətəndaşın cibinə girən bəzi işbaz “biznesmenlər” deyəsən unudurlar ki, axı hər şeyin bir həddi var. Bir biznes etikası və sosial məsuliyyət, insaf, mürvət, vicdan, izzəti-şərəf, mizan-tərəzi deyilən bir anlayış, Tanrının haqq divanı var. Gözünü varlanmaq hərisliyi örtən, öz şəxsi mənafeyini hər şeydən üstün tutan, nəyin bahasına olursa olsun varlanmaq eşqi ilə yaşayan bu naxələflər, antipodlar Məşhər günündə qurulacaq haqq-ədalət divanını da yaddan çıxarmamalıdırlar. Nəhayət, cəhənnəmin qır qazanında yanmaqdan qorxmalıdırlar.