Sosial / Slayd (14-06-2024, 16:49)
“Azəriqaz” sistemində “texniki baxış” adı altında nələr yaşanır?
Saatlı rayon sakini Müşfiq Hüseynov heç bir bildiriş təqdim etmədən texniki baxış keçirmək istəyən "Azəriqaz" əməkdaşından Bizimyol.info xəbər portalına müraciət edib.
M.Hüseynovun redaksiyamıza təqdim etdiyi səs yazısından görünür ki, istehlakçı “Azəriqaz” nümayəndələrinin evə daxil olması üçün bildiriş tələb edir, amma özünü Xəyal Babayev kimi təqdim edən vəzifəli şəxs bildirir ki, texniki baxış keçirmək üçün qanunla bildiriş verilməli deyil.
İstehlakçı bildiriş verilməyəcəyi təqdirdə onları həyətə buraxmayacağını deyir. M.Hüseynov redaksiyamıza yazıb: “Səs yazısından da gördüyünüz kimi, mən ondan qanunvericilik sənədinin adını soruşuram, o isə deyir ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Mən təkcə sayı deyil, qərarın adını da soruşuram, amma o cavab verə bilmir. Uzun düşüncələrdən sonra axırda deyir ki, adı “Texniki müqayinə haqqında qərar”dır. Halbuki bu adda qərar yoxdur. Belə görünür ki, “Azəriqaz” əməkdaşları icra etdikləri qanunvericilik sənədlərini yerli-dibli oxumurlar.
80 saylı qərar həqiqətən də var və ““Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi” haqqındadır. Həmin qərarda da texniki baxış üçün 5 iş günü əvvəldən bildiriş verilməsi tələbi yer almışdı. Amma orada texniki baxışın aparılması FHN və Ekologiya Nazirliyinə həvalə edilmişdi. Sonradan o bənd qərardan çıxarılıb və “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin 4-cü bəndi olaraq qüvvəyə minib və texniki baxış səlahiyyəti “Azəriqaz”a verilib. Həmin bənddə deyilir: “Müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir”.
Bildirişdən 5 iş günü sonra da istehlakçı baxış üçün şərait yaratmazsa, qazın verilməsi texniki baxış keçirilənə qədər dayandırılır.
Amma Xəyal Babayev bütün bunlara baxmayaraq məni şantaj etməyə başladı ki, bizi həyətə buraxmasan, qazı kəsəcəyəm. Ona başa salmağa çalışdım ki, Bakıda da bütün istehlakçılara 5 gün əvvəldən bildiriş göndərilir. Dedim ki, bizim Binəqədidə yaşayan qohumlarımıza bildiriş gəlib və 5 gün ərzində baxış üçün şərait yaratmaları istənilib. X.Babayev dedi ki, Bakıdakı qaz idarələri səhv edir, bildiriş göndərmək lazım deyil.
Sonra qazı blombla kəsmək istədi, qarşısını aldım. Bu zaman idarəyə zəng edib qaynaq göndərmələrini istədi ki, dəmir qaz borusunu qaynaqla kəssin. Ardınca yanındakılara qışqırdı ki, “tez telefonu açın çəkin, məni itələdi”. Yəni məni həbs etdirmək üçün şivən qopardı və səbəb uydurmağa girişdi. Davranışından belə başa düşdüm ki, əvvəllər bunu bir çox istehlakçılara qarşı uğurlu şəkildə həyata keçirib. Sadəcə, bu dəfə hüquqlarını bilən bir istehlakçıya rast gəldiyini anlamamışdı”.
Şikayətçinin sözlərinə görə, Xəyal Babayev bütün rayon boyunca bildiriş təqdim etməkdən boyun qaçırır, bunu tələb edənlərin qaz təchizatını kəsir və rəhbərlik də bunu bilir: “Əksər hallarda bunu qaynaq vasitəsilə edir ki, bərpası çətin olsun və sonradan bərpa zamanı istehlakçı əlini cibinə daha dərin salsın. Bu dəqiqə bütün Saatlı rayonunun qaz təchizatında “Xəyal Babayev” dərəbəyliyi hökm sürür. Daha əvvəl də bizim qazı qaynaqla kəsmişdi. Evdə bir müddət yaşayış olmadığına görə həqiqətən də vaxtı keçmiş borc yaranmışdı. Amma Xəyal Babayev qazı borc olan vaxt yox, borc ödənildikdən sonra kəsmişdi. Bərpasını da 2 aya yaxın uzatdı. Çünki istədiyini ala bilmirdi”.
Şikayətçinin sözlərinə görə, o özünü basqından və şərləmədən qorumaq üçün 102 xidmətinə zəng edib və hazırda məsələ polisdə araşdırılır.
Bizimyol.info barəsində şikayət olunan "Azəriqaz" əməkdaşı Xəyal Babayevlə də əlaqə saxlayıb və hadisənin təfərrüatını bir də onun dilindən dinləyib. O, müraciətlə bağlı bildirib ki, texniki müayinənin aparılması üçün qanunvericilikdə heç bir bildiriş tələb olunmur.
"Məqsədimiz rayon sakinlərinin evlərində qazla əlaqədar təhlükəsizliyin təminatıdır ki, biz bu işdən məsuliyyət daşıyırıq. Texniki müayinə üçün baxışın keçirilməsində heç bir bildiriş tələb olunmur. Ancaq vətəndaş texniki müayinə ilə bağlı gələn əməkdaşları içəriyə buraxmırsa, o zaman bizim həmin vətəndaşın qaz təchizatını müvəqqəti dayandırma haqqımız var. Bu barədə "Qaz Təchizatı Haqqında" qanunun 80-ci maddəsində bu haqda qeyd olunur. Məsələ ilə əlaqədar hüquqi prosedur nədirsə, onun tətbiq edilməsinin və həqiqətin ortaya çıxmasının tərəfdarıyam",- deyə Xəyal Babayev qeyd edib.
Məsələ ilə əlaqədar Bizimyol.info "Azəriqaz" ASC-yə sorğu göndərib. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev əməkdaşımıza bildirib ki, məsələ araşdırıldıqdan sonra mətbuat üçün açıqlama veriləcək. Eyni zamanda Eldəniz Vəliyev də təsdiqləyib ki, texniki baxışdan öncə istehlakçıya bildiriş verilməlidir.
Qeyd edək ki, bir gün sonra M.Hüseynov yenidən redaksiyamıza müraciət edərək bildirib ki, Xəyal Babayev yenə də həmin ərazilərə gələrək bildiriş təqdim etmədən həyətlərə girməyə davam edib: “Bir gün sonra onu həmin ərazidə gördüm, qanunu bir daha ona xatırlatdım və qanunsuz fəaliyyətinə son qoymasını tələb etdim. Əlavə olaraq dedim ki, Eldəniz Vəliyev də bildiriş verilməsinin zəruri olduğunu təsdiqləyib. Amma Xəyal dedi ki, “Eldəniz səhv deyir, bildirişə ehtiyac yoxdur”.
Rayonda kimdən soruşsanız, təsdiq edər ki, bu adam şüurlu şəkildə insanları aqressiv hərəkətlərə təhrik edir. Deyilənə görə, “Azəriqaz” bütün rayonlara aylıq kəsim planı qoyub. Yəni ay ərzində mütləq müəyyən sayda abonentin qazı kəsilməlidir. Plan dolmayanda ağına-bozuna baxmadan kəsmək lazım gəlir.
Təbii ki, gəlib qanunsuz olaraq qazı kəsirlərsə, istehlakçı qanunvericiliyi izah etdiyində Xəyal Babayev kimilər onunla aşağılayıcı tonda danışırsa, sonunda istehlakçı hövsələdən çıxıb söyüş və ya fiziki təzyiqə əl atacaq. Xəyal Babayev özü də etiraf etdi ki, ondan hər gün şikayət edilir, polis və prokurorluğa da çağırırlar, amma heç kim heç nə edə bilmir. Deməli, bu adamla bağlı “Azəriqaz”a və hüquq-mühafizə orqanlarına yüzlərlə şikayət gedib, amma heç bir tədbir yoxdur. Görünür, “Azəriqaz” rəhbərliyi işin içindən qan çıxmasını gözləyir".
Şikayətçi müvafiq qurumların rəhbərlərindən təcili tədbirlərin görülməsini istəyib: "Mən buradan SOCAR prezidenti Rövşən Nəcəf və “Azəriqaz”-ın baş direktoru Azər Məmmədova çağırış edirəm: Belə işçilərin ipini bir az qısaldın. Sizi əmin edirəm ki, tez-gec Xəyal Babayev qan qoxulu bir qalmaqala imza atacaq və bütün ölkə o qalmaqaldan danışacaq. O zaman insanlar bunun məsuliyyətini sizlərdə axtaracaqlar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024