Sosial (13-12-2023, 11:56)
Oliqarx övladlarının məhkəmə prosesində hakimə etiraz
“Sea Breeze”dəki kütləvi dava ilə bağlı Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə növbəti məhkəmə prosesləri keçirilib.
"AzPolitika.info" xəbər verir ki, bu ilin iyununda "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı 3 cinayət işi başlanıb və sözügedən hadisənin iştirakçıları bir cinayət işi üzrə zərərçəkən, digər cinayət işi üzrə isə təqsirləndirilən şəxs qismində çıxış edirlər.
"Sea Breeze" işi üzrə dekabrın 12-də iki məhkəmə prosesi baş tutub. İlk prosesdə ikinci cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Sözügedən cinayət işi üzrə Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslər, Elnur Leysan oğlu Məmmədov isə şahid statusundadır. Zərərçəkən şəxslər isə digər işdə təqsirləndirilən statusunda olan Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadədir.
Qeyd edək ki, "Sea Breeze"dəki kütləvi davanın əsas fiqurantı Elnur Məmmədov bu dəfə də məhkəmə prosesində iştirak etməyib.
Məhkəmə prosesi təqsirləndirilən Şamxal Məmmədovun vəkili İlqar İsmayılovun hakimə təqdim etdiyi yazılı vəsatətlə başlayıb.
Məmmədovun vəkili hakimə etirazında bildirib ki, iki fərqli cinayət işinin eyni hakimin icraatında olması doğru hal deyil: "Sizin tərəfinizdən İsmayılov Elmir və başqaları haqqında baxılan iş üzrə təqsirləndirilən şəxslər, zərərçəkmişlər, şahidlər artıq dinidirilib və hal-hazırda digər subutlar araşdırılır. Məlumdur ki, icraatınızda olan bu işlərin ayrılması formal xarakter daşıyır. Lakin faktiki olaraq baş vermiş hadisənin bütün təfərrüatları birinci baxılan iş üzrə sizin iştirakınızla araşdırılıb. CPM-in 30-cu maddəsində nəzərdə tutulub ki, birinci apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir. Siz artıq bu iş üzrə birinci instansiya hakimi kimi iştirak etmisiniz. Təkrar baxılmanın istisna edilməsində məqsəd cinayət mühakimə icraatı sahəsində ədalət mühakiməsini həyata keçirən hakimlərin qərəzsizliyini, onlar tərəfindən qərarların qəbul edilməsi zamanı əvvəlcədən müəyyənləşdirilmiş fikirlə bağlı olmamalarını, icraatlarında olan işlə əlaqədar müstəqilliyini təmin etməkdən ibarətdir. Qanunda göstərilir ki, CPM-in 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır.
CPM-in kommentariyasında qeyd olunur: "Hakim heç olmasa bir dəfə baxılan işin və ya digər materialın mahiyyət üzrə həllinə aid olan məsələlər barəsində fikir bildirmişsə, onda o, bu və ya digər şəkildə öz əvvəlki fikrindən asılı olur, bu da cinayət işi və ya digər materiallara dair hər hansı halı qiymətləndirərkən onun qərəzsiz olacağını şübhə altına qoyur".
"Sizin Muradov Cavad və Məmmədov Şamxal barəsində olan işə baxmağınızla, İsmayılov Elmir və qeyriləri barəsində işə baxmağınız arasında fərq olduqca cüzidir və bu hal bizim məhkəmənin obyektiv və qərəzsiz olacağına ehtiyatla yanaşmağımıza əsas verir. Göstərilənləri nəzərə alaraq CPM-in 30 və 109-cu maddələrini rəhbər tutaraq xahiş edirik ki, verilmiş etiraz təmin edilsin və cinayət işinə baxılması başqa hakimə həvalə edilsin", - deyə vəkil fikrini yekunlaşdırıb.
Digər təqsirləndirilən şəxs Cavad Muradovun vəkili Vüqar Kazımov da həmkarıyla eyni fikirdə olduğunu deyib. O da hər iki işə eyni hakim tərəfindən baxılmasına etiraz edib: "Bu, sanki şahmat oyununa bənzəyir. Tərəflər məhkəmədə bəzən təqsirləndirilən, bəzən də zərərçəkən kimi iştirak edirlər. Mən həmkarımla razıyam. Eyni əsaslarla sizin bu işə baxmaq səlahiyyətiniz yoxdur. Hakimin təkrar bu işə baxmasının məğzi, məqsədi nədən ibarətdir? İşlər arasında heç bir fərq yoxdur. Siz bir işə baxan zaman, digər işə də baxmış sayılırsınız. Bu, hakimin qərəzsiz olacağını şübhə altına atır. Yaxşısı budur, hakim özü-özünə etiraz edib, bu işə son qoysun. Siz ya bu işə baxmalısınız, ya da digərinə".
Hakim təqsirləndirilən şəxslərin müdafiəçilərinin bu etirazına normal yanaşdığını bildirib. Hakim əlavə edib ki, etiraz sənədi məhkəməyə təqdim edildikdən sonra məhkəmə baxıb, qərar verəcək.
Daha sonra hakim Cavad və Muraddan vəkillərinin etirazını təsdiq edib-etməmələrini soruşub. Hər iki təqsirləndirilən vəkillərin etirazını qəbul etdiklərini deyiblər.
Prosesin davamında dövlət ittihamçısı Amil Şəkərəliyev vəkillərin bu etirazına öz münasibətini bildirib. Şəkərəliyev vəkillərin etirazının əsassız və ehtimallardan ibarət olduğunu deyib, etirazın qəbul olunmamasını tələb edib.
Zərərçəkən şəxslərin vəkilləri də qarşı tərəfin bu etirazını qəbul etməyiblər. Onlar vəsatətin təmin olunmamasını xahiş ediblər. İş üzrə zərərçəkən Elmir İsmayılov, Elgün İsmayılov və Peyman Vəlizadə də vəkilləri ilə eyni fikirdə olduqlarını deyiblər.Ardınca hakim Mirheydər Zeynalov prosesi sonlandırıb və iş üzrə növbəti məhkəmənin 21 dekabr tarixində baş tutacağını elan edib.
***
Müəyyən fasilədən sonra "Sea Breeze"dəki kütləvi dava ilə bağlı birinci cinayət işi üzrə məhkəmə prsosesi baş tutub.
Xatırladaq ki, bundan əvvəlki iclasda müstəntiqin dindirilməsi ilə bağlı vəsatət qaldırılıb. Belə ki, əvvəlki iclasda sərbəst ifadə verən məktəbli M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Onun sözlərinə görə, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb. M.Ə deyib ki, onun ifadəsini Əlibala Hacıyev yox, Ceyhun adlı müstəntiq alıb. Daha sonra prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Vəkillərin, təqsirləndirilənlərin, zərərçəkənlərin qəti etirazlarına baxmayaraq, prokurorun vəsatəti təmin olunub.
Lakin müstəntiq bu gün baş tutan məhkəmə prosesinə gəlməyib. Hakim müstəntiq Ə. Hacıyevin faks və telefon zəngi vasitəsilə məhkəməyə dəvət edildiyini elan edib.
Daha sonra hakim M.Ə-nin əvvəlki sərbəst ifadəsində müstəntiqlə bağlı dediklərini xatırladıb. O, M.Ə-yə bildirib ki, həmin idarədə Ceyhun adlı iki şəxs var. Hakim M.Ə-dən tələb edib ki, müstəntiqin soyadını və ata adını da bildirsin.
M.Ə isə bildirib ki, o, sadəcə həmin müstəntiqin adını bilir və bu barədə əlavə məlumatı yoxdur.
Prosesin davamında hakim təqsirləndirilən və zərərçəkən şəxslərin vəkillərinə müstəntiqin məhkəməyə gəlmədiyini bu səbəbdən prosesn davam etdirilib-etdirilməməsi ilə bağlı fikirlərini soruşub.
İttiham olunan şəxslərin vəkilləri məhkəmənin davam etdirilməsini xahiş ediblər. Dövlət ittihamçısı isə əvvəlki mövqeyinda qalıb və müstəntiqə verəcəyi suallarının olduğunu, bu səbəbdən də müstəntiqin məhkəmə prosesində işitakının təmin olunmasını istəyib.
Hakim məhkəmə prosesinin davam etdirilməsini istəyib.
Sənədlərin tədqiqi davam etdirilib. Hakim cinayət işində olan videoya baxılmasını təklif edib. Vəkillər buna da ehtiyac olmadığını qeyd ediblər və bildiriblər ki, həmin videomaterial sosial şəbəkədə yayılıb və hamı onu görüb.
Hakim də proseslə bağlı demək olar ki, bütün məsələlərin araşdırıldığını bildirib.
Bu iş üzrə növbəti məhkəmə iclası dekabrın 19-na kimi təxirə salınıb.