Slayd (20-02-2014, 20:05)
Baş Prokurorluq 1 milyon manatlıq korrupsiya aşkarlayıb
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Əzizbəy-KM” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Aparılmış istintaqla Bakı şəhərində fəaliyyət göstərən qeyd edilən MMC-nin təsisçisi Fuad Mirzəyevin cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.