Siyasət (26-10-2017, 15:30)
AİB: Bizə zəngin, stabil “Şərq tərəfdaşlığı” ölkələri lazımdır
“Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrində, Lvovdan Bakıya kimi, infrastruktur və ətraf mühit layihələrinə dəstək verir”.
Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Tallində “Şərq tərəfdaşlığı” ölkələrinin biznes forumunda deyib. O bildirib ki, Avropa İnvestisiya Bankı “Şərq tərəfdaşlığı” ölkələrindəki layihələrə indiyə kimi 8 milyard avro həcmində dəstək verib: “Bu, böyük rəqəmdir. Bizim fəaliyyətimizin bir hissəsi rəqəmli iqtisadiyyatın dəstəklənməsinə yönəlib. Biz istəyirik ki, “Şərq tərəfdaşlığı” ölkələrinin gənc insanları öz ölkələrində qalsınlar və biznes üçün cəlbedici olan ABŞ və ya digər ölkələrə getməsinlər. Bizə zəngin, stabil “Şərq tərəfdaşlığı” ölkələri lazımdır”.
Tədbirdə çıxış edən Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib ki, “Şərq tərəfdaşlığı” ölkələrində iqtisadiyyatın dəstəklənməsi çox vacibdir və bunun üçün ilk növbədə siyasi və iqtisadi mühit olmalı, müstəqil məhkəmə və bank sistemi formalaşmalıdır: “Bu, ölkəyə investorların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına şərait yaradar”.
Y. Han bu istiqamətdə inkişafın olduğunu söyləyərək, Gürcüstan və Belarusun bu ilin əsas islahatçı ölkələri sırasında olduğunu əlavə edib.