Siyasət (23-10-2017, 20:30)
Novruz Məmmədovdan separatizmlə üz-üzə qalan ölkələrə ÇAĞIRIŞ
"Əgər Qərb, dünya Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşsaydı, münaqişə vaxtında ədalətli həll olunsaydı, bəlkə də, bu gün bu münaqişələrin çoxu olmazdı".
Mediatv.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov İspaniyada Kataloniya böhranı ilə bağlı deyib.
N. Məmmədov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində dünyanın 10 ölkəsində narahatlıq doğuran münaqişələr olub, indi isə 50 ölkədə belə hal var: "Bu münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsində yaranmayıb. Bunlar Qərb dövlətlərinin apardığı siyasətin nəticəsində ortaya çıxıb. Bu gün artıq bumeranq kimi Avropanın özünə qayıdır. Avropanın özündə separatizmə mənbə olacaq məqamlar kifayət qədər çoxdur, bunu heç təsəvvür etmək belə istəmirsən. Onlar əvvəldən separatizmə bağlı ədalətli mövqe tutmadıqları, separatizmi açıq və örtülü formada dəstəklədikləri üçün bu gün belə problemlərlə üzləşirlər. Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin. İndi həmin ölkələr bizdən separatizmə qarşı mövqe bildirməyimizi istəyirlər".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan İspaniyada separatizmin əleyhinədir: "İtaliyada isə iki vilayət iqtisadi müstəqillik istəyir, bu, ilk addım ola bilər. Böyük Britaniyada İrlandiya, Şotlandiya kimi problemlər var. Geosiyasi maraqlara tabe olmaqdansa, ədalətli prinsiplər ortaya qoysaydılar, bu gün belə hallar da olmazdı. Ona görə də Avropada və dünyada prosesləri dəqiq proqnozlaşdırmaq çətin olur. Təəssüflər olsun ki, indi belə vəziyyət yaranıb".