Siyasət (7-09-2017, 11:06)
İlham Əliyev Bakının Nərimanov rayonundakı orta məktəbə baş çəkib
Prezident İlham Əliyev bu gün paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var.
Yeni məktəb binalarının inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu layihələrin icrası nəticəsində təhsil müəssisələrində yüksək şəraitin yaradılması müəllimlərin tədrisin keyfiyyətini artırmalarına da imkan verir. Bunu 212 saylı məktəbin binasında əsaslı təmirdən sonra yaradılmış şərait də sübut edir.
Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.