Siyasət (23-05-2017, 13:45)
İqbal Ağazadə agent ittihamına cavab verdi
Bu günlərdə Ümid Partiyasının sədri İqbal Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə danışarkən onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər də gördüklərini deyib. O eyni zamanda agentlərin adlarının açılmasının düzgün olmadığını vurğulayıb. Bundan cəmi iki gün sonra İqbal Ağazadəyə qarşı ağır ittiham irəli sürülüb.
1News.az saytı İqbal Ağazadənin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-in agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Yazıda bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir:
“İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.
Mediatv.az-ın məlumatına görə, İqbal Ağazadə agent ittihamlarına Yeni Müsavat vasitəsilə cavab verib:
“Yazıblar ki, guya mən Eldar Mahmudova məlumat verən olmuşam. Bir ölkənin milli təhlükəsizlik nazirinə bir partiya sədrinin, deputatın verə biləcəyi informasiya nə ola bilər? Mən hansısa xüsusi xidmət orqanlarındamı, silahlı qüvvələrdəmi çalışırdım ki, o xüsusi xidmət orqanlarının planları haqda məlumat verim?! İnformasiyanın hamısı onlardadır, onlar dövlətə informasiya verirlər. Mənim verəcəyim nə informasiya ola bilər?! Eldar Mahmudovla mənim heç vaxt heç bir şəxsi tanışlığım olmayıb. Onu yalnız rəsmi dövlət tədbirlərində görmüşəm. Başqa heç bir halda onunla nə şəxsi görüşlərim, nə ümumi görüşlərim, nə telefon danışığım ömrümdə olmayıb. Heç vaxt!”.
İ.Ağazadə üzləşdiyi ittihamlarla bağlı heç bir məhkəməyə müraciət etmək fikrində olmadığını bildirib