Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Mediatv.az-a Komitənin mətbuat xidmətindən verilən məlumata görə, M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər. O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: “Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır”.
Səfir Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını deyrib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərə önəm verir və bu münasibətlərin inkişafına çalışır.
M.Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.